İŞİD-in illik gəlirləri 1,2 milyard dollara çatıb

İŞİD terror qruplaşmasının ən aktiv fəaliyyəti dövründə gəlirləri 1,2 milyard ABŞ dollarından çox olub.

 

«Report» xəbər verir ki, bu barədə «Al Arabiyya» telekanalı terror qruplaşmasının bir ay əvvəl İraq hakimiyyəti tərəfindən saxlanılan maliyyə məsələləri üzrə məsul şəxsi Sami Casimin dindirilməsi materiallarına istinadən məlumat yayıb.

 

Qeyd edilir ki, terrorçuların əsas gəlir mənbələri soyğunçuluq, talan, adam oğurluğundan əldə edilən vəsait və neft qaçaqmalçılığından qazanılan gəlirlər olub.

 

Neft məhsulları əsasən kiçik neft emalı zavodlarının sahiblərinə satılıb: bəziləri qaçaqmalçılıq yolu ilə xaricə, digərləri isə İŞİD-in nəzarətində olan Suriya ərazilərində qara bazarda satışa çıxarılıb.

 

Qruplaşmanın 2019-cu ildə öldürülən rəhbəri Əbu Bəkr əl-Bağdadinin müavini Casim istintaq tədbirləri zamanı İŞİD-in uzun müddət tacirlərdən və varlı adamlardan ümumilikdə 500 min ABŞ dollarına qədər pul aldığını bildirib.