ABŞ və Çin jurnalistlər üçün viza tələblərini yumşaltmağa razılaşıblar

ABŞ və Çin jurnalistləri üçün viza tələblərini yumşaldacaqlar.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmisinin bəyanatında deyilir.

Qeyd olunur ki, ABŞ və Çin bu məsələni bir neçə ay ərzində müzakirə ediblər. Sonda onlar müxbirlərə uzadıla bilən çoxdəfəlik vizalar vermək barədə razılığa gəliblər. Dövlət Departamenti bu razılaşmanı «ilkin addımlar» kimi qiymətləndirir, deyə bəyanatda bildirilir.

Öz növbəsində Çin KİV-ləri də iki ölkə liderlərinin virtual görüşündən sonra «xoş xəbərlərin» olduğunu bildiriblər.

Onlar qeyd ediblər ki, görüş ərəfəsində iki ölkə bir-birinə akkreditə olunmuş jurnalistlərə epidemiya əleyhinə qaydalara riayət etməklə işlədikləri ölkələrə giriş-çıxışına icazə verəcəklərini bildirmişdilər.