“Sədərək”də yeni axunda etiraz edən şəxs həbs edildi

“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.

“Report”un xəbərinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham irəli sürülüb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Nağıyev 15 sutka inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, A.Nağıyev noyabrın 12-də “Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edib. O bildirib ki, ticarət mərkəzinin mühafizəçiləri tərəfindən döyülüb.

A.Nağıyev hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.