Ermənistanda şok olaylar: Baş qərargah rəisinə də cinayət işi açıldı

Ermənistanın baş qərargah rəisi Artak Davtyana keçmiş müdafiə naziri David Tonoyanın saxlanıldığı istifadəyə yararsız təyyarə raketlərinin alınması işi üzrə ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“İttiham Azərbaycan tərəfinin Qafandan keçən yollarda gömrük-keçid məntəqələri qurmasına paralel irəli sürülüb”, — nəşr bildirib.

Baş qərargah rəisi barəsində hələlik qabaqlayıcı tədbir seçilməyib.

Qəzet qeyd edib ki, müdafiə naziri Arşak Karapetyanın işdən çıxarılması da Zəngəzurdakı vəziyyətlə bağlıdır.

Qeyd edək ki, keçmiş nazir David Tonoyan sentyabrın 30-da istifadəyə yararsız təyyarə raketlərinin alınması ilə bağlı cinayət işi çərçivəsində həbs edilib. İstintaq Tonoyanı və biznesmen, silah alverçisi David Qalstyanı 4.6 milyon dollar mənimsəməkdə ittiham edir.

Tonoyan və Qalstyandan başqa, Silahlı Qüvvələrin baş qərargah rəisinin müavini Stepan Qalstyan və aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan da həbsdədir.