Ara Arutyunyan: «24 saata tikdilər, yolu bağladılar, əllərini yuyub getdilər»

Azərbaycan tərəfi noyabrın 15-nə keçən gecədən etibarən Gorus-Qafan yolunun daha bir hissəsində-Zəngəzurun Çakaten kəndini Qafana birləşdirən yolda (Zəngilan ərazisi) sərhəd-gömrük rejimi tətbiq etməyə başlayıb. Nəticədə Ermənistan vətəndaşlarının Azərbaycan ərazisindən keçməklə bu yoldan istifadəsi praktiki olaraq dayandırılmış olur. İndi Zəngəzurun Çakaten və daha bir neçə kəndinin sakinləri Qafana getmək üçün 7-8  kilometrlik yolun əvəzinə Mehridən keçməklə 150 kilometr yol getməlidir, çünki alternativ yol keçilməzdir və hökumət bu yolun ancaq ilin sonuna yaxın hazır ola biləcəyini deyir.

Çakaten kəndinin icma rəhbəri Ara Arutyunyan ötən axşam Azərbaycan tərəfinin nəzarətində olan yolla Qafana gedib. O deyir ki, Çakaten kəndinin yaxınlığında azərbaycanlıların ağır texnikası işləyir, 10-15 silahlı şəxs isə prosesə nəzarət edir.

“Mən Qafana qədər getdim, ardımca həmkəndlilərim bir saaat ərzində gəldilər, həmin sahədə artıq 100-120 hərbçi var idi, onların bir hissəsi maskalı idi. Artıq maneə qurmuşdular və yük avtomobilləri, hərbi avtomobillər yolun bu hissəsindən keçə bilməz. Yol bizim üçün bağlandı. O tərəfdə isə 6 kənd, hərbi hissə var. Hakimiyyətdən heç kim gəlməyib, nə də zəng vuran olmayıb”,-Arutyunyan deyib.

O, heyrətlə bildirib ki, azərbaycanlılar cəmi bir neçə saat ərzində yolda sərhəd-gömrük keçid məntəqəsi quraşdırıb başa çatdırdılar. “Dünən saat 14.00-da sakitlik idi, 16.00-dan tikinti işləri başladı. 24 saat ərzində hər şeyi tikib başa çatdırdılar, yolu bağladılar, əllərini yuyub getdilər. Biz isə hələ alternativ yol barədə fikirləşirik. Meşədən keçən o yolla getmək mümkün deyil, heç piyada da mümkün deyil. İndi bilmirəm  geri necə qayıdacam”,-kənd icmasının rəhbəri bildirib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfi Gorus-Qafan yolunun Qubadlının Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq edib. Nəticədə Ermənistan vətəndaşları və bu ölkəyə yük daşıyan İran TIR-ları üçün yol bağlanıb, alternativ yol isə bəzi hissələrdə hələ qruntdur və yağışlı, qarlı havalarda keçilməz olur. /Virtualaz.org