20 minlik ordu quruldu: Hədəf açıqlandı – Bölgədə tarazılığı dəyişəcək həmlə

Türkiyənin Suriyada mümkün hərbi əməliyyatından əvvəl bölgədə önəmli gəlişmələr yaşanır.

Teleqraf.com xəbər verir ki, Suriyada müxaliflərin qurduğu ən böyük birləşmə olan Suriya Milli Ordusuna bağlı altı fərqli qruplaşma “Üçüncü Korpus” adı altında birləşdiklərini açıqlayıb.

20 min öyüşçüdən ibarət 6 qrupa “Şam Cəbhəsi”, “İslam Ordusu”, “Məcid Korpusu”, “51-ci Diviziya”, “Liva əs-Salam” və “Məlikşah” Partiyasının daxil olduğu bildirilib.

Məlumata görə, “Üçüncü Korpus”a “Şam Cəbhəsi”nin lideri Ebu Əhməd Nur komandanlıq edəcək. Korpusun əsas vəzifəsi türk ordusunun əməliyyat bölgələrində (“Zeytun budağı”, “Fərat qalxanı” və “Sülh çeşməsi”) təhlükəsizliyini təmin etmək olacaq. Yeni ordu Əsəd rejimi və PKK terror təşkilatının Suriya qolu YPG-yə qarşı birləşib.

“Üçüncü Korpus”un böyük şəhərlər, xüsusən də Hələbin şimalı, Raqqa, Afrin, Əl-Bab, Azez, Təl-Abyad və Serablusu əhatə edən coğrafi ərazilərdə də terrorçulara qarşı mübarizə aparacağı bildirilib.

İddiaya görə, prioritet həm də Hələbin qərbində İranın dəstəklədiyi qruplaşmaların qaçaqmalçılıq xətlərinə nəzarət etmək, eyni zamanda, narkotiklərin qanunsuz dövriyəsinin qarşısını almaqdır.

Təxminən 20 min döyüşçüdən ibarət müxalif qrupların bir araya gəlməsi ilə YPG-nin nəzarətində olan bölgələrə doğru daha ciddi addımların atılacağı gözlənilir.