Hindistanda leysan və daşqınlar 50 minə yaxın sakinə zərər vurub

Hindistanın cənubundakı Tamilnad ştatında güclü leysan və daşqınlardan 50 minə yaxın sakin zərər çəkib.

Trend-in məlumatına görə, bir neçə gündür ki, davam edən yağıntılar ştatın 12 rayonunda fəsadlar törədib. Təxliyə olunan on minlərlə sakin üçün 150 müvəqqəti yerləşmə mərkəzi açılıb.

Ştat ərazisində nəqliyyatın hərəkəti iflic olub, bəzi rayonlarda elektrik enerjisinin verilişi kəsilib.

Hidrometeorologiya mərkəzinin məlumatına əsasən, bölgədə 30 santimetrdən çox yağıntı düşüb. Yağıntıların daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.