“Azəriqaz” media nümayəndələri üçün növbəti “Açıq qapı” aksiyası təşkil edib

Ölkənin yeganə qaz təchizatçısı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq qapı” aksiyası davam edir.

LAF TV.az  “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya çərçivəsində Birliyin Baş direktoru Ruslan Əliyev bu gün növbəti dəfə Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə görüş keçirib.

Sayca 3-cü dəfə təşkil olunan aksiyada Baş direktor media nümayəndələrinin ünvanladıqları sualları cavablandırıb. R. Əliyev həmçinin sosial şəbəkə üzərindən daxil olan suallara da aydınlıq gətirib.

Baş direktor bildirib ki, aksiya təşkil olunmamışdan öncə sosial şəbəkələr və saytlar vasitəsilə aksiyanın keçirilməsi ilə bağlı əvvəlcədən məlumat verilməsi hər ötən aksiyada media nümayəndələrinin daha aktiv iştirak etmələrinə səbəb olur. KİV nümayəndələrinə aksiyada iştirak etmək, habelə onları maraqlandıran sualları heç bir maneə olmadan birbaşa “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna ünvanlamaqları üçün istənilən şərait yaradılır. Birliyin Baş direktoru bir daha media nümayəndələrini bu aksiyada fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, “Açıq qapı” aksiyası hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında təşkil olunur. Həmçinin mətbuat nümayəndələri ilə keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlanır.