Rusiyanın Dövlət Dumasında SSRİ-nin bərpası haqda danışdılar

Rusiya ilə Belarusun yaratdığı İttifaq dövlətinə əvvəllər Sovet İttifaqının tərkibində olmuş başqa ölkələr də qoşula bilər. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov URA.ru saytına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, İttifaq dövləti başqa keçmiş sovet respublikaları üçün cəlbedici olmalıdır. “Hələlik ittifaq elə də çox nailiyyətləri ilə məşhur deyil, amma hər halda cəlbedici keyfiyyətləri var. Bu, sərhədlərin olmaması, bir-birinin ərazisində hər hansı icazə almadan  oxumaq, işləmək imkanı, sürücülük vəsiqəsini başqa dilə tərcümə etməməkdir”,-Kalaşnikov əlavə edib.

Deputat hesab edir ki, növbəti mərhələdə vahid parlament yarana bilər. Onun sözlərinə görə, İttifaq dövlətinin Ali dövlət şurasının yaxın günlərdə keçiriləcək online-sammiti məhz bu mövzulara həsr ediləcək. Rusiya prezidenti Vladimir Putin və Belarus rəhbəri Aleksandr Lukaşenko İttifaq dövlətinin yaradılması barədə müqavilənin bəndlərinin həyata keçirilməsinə dair bir sıra sənədləri və proqramları təsdiqləyəcəklər.

 

virtualaz.org