İlham Əliyev: «Mən Ermənistan-Azərbaycan arasındakı münaqişə məsələsini qaldırırdım»

“Bütün bu forumlarda mən Ermənistan-Azərbaycan arasındakı münaqişə məsələsini qaldırırdım və bu gün bildirmək istəyirəm ki, münaqişə həll olunub”.

LAF TV.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan özü münaqişəni həll edib: “Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi — hansı ki, qeyd-şərtsiz və dərhal erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdiyi qətnamələri həyata keçirdi.

Təəssüflər olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalardı. Biz BMT xartiyasının 51-ci maddəsinə istinad edərək öz müdafiə hüququmuzdan istifadə edərək beynəlxalq hüquq çərçivəsinə arxalanaraq bundan istifadə etdik. Çünki nəinki BMT-nin Təhlükəsizlik Şurası, o cümlədən digər beynəlxalq təsisatlar da oxşar qərar və qətnamələri Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etmişdilər”.