Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri Amnistiya aktını dəstəkləyiblər

Noyabrın 4-də Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin (QDMC) sədri Novella Cəfəroğlunun təşəbbüsü ilə hüquq müdafiəçiləri, hüquqşünaslar iştirak etdiyi zoom konfrans keçirilib.

Bu barədə LAF TV.az QDMC-dən məlumat verilib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 8 Noyabr — Zəfər Günü ilə əlaqədar amnistiya elan edilməsi təşəbbüsünün müzakirəsinə həsr olunan konfrans zamanı ölkədə fəaliyyət göstərən hüquq müdafiə təşkilatı və hüquqşünasların fikirləri dinlənilib.

D.Əliyeva adına QDMC-nin sədri Novella Cəfəroğlu tədbiri açıq elan edərək Zəfər gününün Azərbaycan xalqı üçün müstəsna tarixi əhəmiyyəti nəzərə alınaraq humanist addım kimi amnistiya aktının qəbul olunması təşəbbüsünü böyük hadisə adlandırıb: “Amnistiya Aktının əsasən, Vətən müharibəsində və ölkənin ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən, həlak olan şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunan şəxslərin və çoxlu sayda kateqoriyadan olan insanlara şamil olunması qələbə günümüzə ən böyük hədiyyə olacaqdır. İnsanların qələbə sevincini öz ailələri ilə birgə keçirməsi üçün bu aktdan irəli gələn vəzifələrin tezliklə icra olunacağına ümid edirik”.

Konfransda çıxış edənlər hüquqşünas Əsabəli Mustafayev, Bakı İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov, Konstitutsiya Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev, QHT Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Əvəz Həsənov, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənanyarlı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, hüquq müdafiəçisi Dilara Əfəndiya şıxış edərək Amnistiya aktı ilə bağlı fikirlərini bildiriblər.

Konfransda “Təmiz” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, hüquq müdafiəçisi Nabat Qəniyeva, Cənub Regional İnsan Hüquqlarının və QHT-lərin İnkişafı Resurs Mərkəzinin rəhbəri Tünzalə Qardaşova iştirak ediblər. Tədbir zamanı səslənən fikirlər ümumiləşdirilərək Prezident Administrasiyasına, Milli Məclisə və Əfv Komissiyasına göndəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.