Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı təmaslar davam edir

Üçtərəfli bəyanatların icrası üzrə iş bütün istiqamətlərdə davam edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

 

M. Zaxarova deyib ki, Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə son telefon danışığı zamanı Qarabağda münaqişəyə son qoyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasını müzakirə edib.

Onun sözlərinə görə, nazirlər regionda vəziyyətin sabitləşdiyini, atəşkəs rejiminə ümumilikdə riayət olunduğunu qeyd ediblər.

“Bakı və İrəvan Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirir. Baş verən ayrı-ayrı insidentlər hər iki tərəfdən müvafiq əməkdaşlıq kanalları ilə nizamlanır”, — Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası üçün səy göstərildiyini də qeyd edib. O, oktyabrın 20-də Moskvada Üçtərəfli İşçi Qrupun 8-ci iclasının keçirdildiyini də xatırladıb: “Xarici işlər və müdafiə nazirlikləri, sərhəd xidmətləri xətti ilə təmaslar davam edir. Biz Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasına başlanılması prosesi ilə bağlı problemlərin kompleks həllini görürük. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə də fəal iş aparılır”.