Telekanalların rəhbər şəxsləri MTRŞ-yə çağırıldı — Xəbərdarlıq edildi

Milli Televiziya və Radio Şurası televiziya kanallarına xəbərdarlıq edib. 

“Qafqazinfo” xəbər verir ki, bu gün Şurada ümumölkə televiziya kanallarının proqram direktorları və xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə son günlər cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızla bağlı bir sıra televiziya kanallarında yayılan xəbərlərdə şəxsi toxunulmazlıq məsələlərinə əməl olunmamasından, belə halların efir məkanında geniş müzakirəyə səbəb olmasının mənfi təsirlərindən danışılıb.

Şura sədri İsmət Səttarov bildirib ki, müxtəlif cinayət əməlləri ilə bağlı azyaşlıların kimliyinin efirdə açıq şəkildə yayılması yanlışdır. Azərbaycan və ümumən digər ölkələrdə jurnalistlərin peşə etikası kodeksində bu məsələ açıq şəkildə əksini tapmışdır ki, uşaqlar cinsi istismara məruz qalıbsa, yaxud cinayət törədibsə, efirdə onların anonimliyi qorunmalı, proqramlarda hadisələr təqdim olunduqda şəxsi toxunulmazılıq ilə bağlı tələbələrə əməl olunmalıdır – üz göstərilməməli, ad və soyad dəyişdirilməli, zərərçəkənin tanınması və bununlada əlavə psixoloji təzyiqə məruz qalmaması üçün lazımi tədbirlər görülməlidir. Baş vermiş hadisənin ümumi və ya birtərəfli şərh olunması, zərərçəkmiş uşaqlardan müsahibə alınması, subyektiv fikir yürüdülməsi, hadisə ətrafında sosial şəbəkələrdə gedən müzakirələrin ümumölkə efirinə daşınması yolverilməzdir.

Görüş zamanı, həmçinin, Vətən müharibəsi şəhidləri ilə bağlı televiziya kanallarında yayımlanan süjet və reportajların statistikası ətrafında fikir mübadiləsi aparılıb, haqqında heç bir kanalda efirə süjet və ya reportaj getməmiş şəhidlər barədə materialların hazıllanması və yayımlanması tövsiyə olunub.