MİT-dən şok əməliyyat: Rus casuslarına təlimat verən şəxs üzə çıxdı

Ötən həftələrdə İstanbul və Antalyada saxlanılaraq həbs edilən və Rusiyaya işlədiyi məlum olan 4-ü rus, 1-i ukraynalı və 1-i özbək olmaqla 6 casusun Türkiyədə çeçen müxalif siyasətçilərə sui-qəsd planlaşdırdığı üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, casuslarların Türkiyədə yaşayan çeçen müxalifləri təqib edərək fotoşəkillərini çəkdikləri və onları aradan götürməyə çalışdıqları məlum olub.

Casusların əsas hədəfi Türkiyədə yaşayan Əbdülhakim adlı çeçen müxalifət lideri olub. O, müxaliflər tərəfində Suriyada rejimə qarşı vuruşan və tez-tez Türkiyədə olan bir şəxsmiş.

Casuslar Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) tərəfindən ələ keçirilib.

Əldə edilən məlumata görə, 6 nəfərlik casusluq şəbəkəsinin lideri Bislan Rasayev iki nəfərdən sui-qəsd sifarişi alıb. Bunlardan birincisi Çeçenistan Prezidenti Ramazan Kadırovun qohumu, İNTERPOL tərəfindən axtarılan və Dumada deputat olan Adam Delimxanov olub. İkinci şəxs isə Delimxanovun sui-qəsdlərdə subpodratçı kimi istifadə etdiyi və 2004-cü ildən Avropada müxalif çeçenlərə qarşı 4 sui-qəsdin təşkilatçısı olmuş Kazbek Dukuzovdur.

İstanbul Prokurorluğu və İstanbul Terrorla Mübarizə Şöbəsi MİT-in tapıntıları əsasında şübhəlilər haqqında araşdırmaya başlayıb.