Fəzail Ağamalının qızının bağçasındakı döyülmə iddiası ilə bağlı qərar verildi

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçasında 7 yaşlı daun sindromlu uşağın döyülmə iddiası ilə bağlı aparılan araşdırma yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki tərəfin şikayət ərizəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Təhqiqatın nəticəsinə görə, azyaşlı uşağın döyülməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb. Bunu nəzərə alaraq, cinayət işinin başlanılması rədd edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev saytımıza məlumatı təsdiqləyib.

 

Xatırladaq ki, Bakı şəhər sakini A.K polisə müraciətində bildirmişdi ki, bu ilin iyun ayından sentyabrın 14-dək olan müddətdə 2014-cü il təvəllüdlü qızı təhsil aldığı “Buta” bağçasının müəllimləri tərəfindən döyülüb. Bağçanın sahibi Günay Ağamalı isə saytımıza açıqlamasında bu iddianı təkzib edərək həmin valideynin son 3 ayın ödənişinin geri qaytarılması üçün onları təhdid etdiyini bildirmişdi.

Qeyd edək ki, G.Ağamalı eyni zamanda Fəzail Ağamalının müşaviridir.