COVID-19 infeksiyası Ermənistan ordusunu çökdürür

Ermənistanın Gorus rayonu ərazisində yerləşən hərbi hissəsində COVID-19 infeksiyası tüğyan edir. Mülki əhali arasında yayılan xəstəlik artıq hərbi hissələri də çökdürür.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu ölkə mətbuatında yayılan məlumatlarda hərbi qulluqçular arasında xəstəliyin geniş yayıldığı, vaksinlərin, dərman preparatlarının və peşəkar tibb işçilərinin azlığı səbəbindən koronavirusa yoluxan hərbi qulluqçular arasında xəstəlikdən vəziyyəti ağırlaşanların sayı çoxalıb. Vəziyyət o həddə çatıb ki, Gorus rayonundan gündə bir neçə hərbi qulluqçu Yerevanda yerləşən ixtisaslaşdırılmış xəstəxanalara köçürülür.

Hərbi hissələrdə koronavirus infeksiyasının geniş yayılması faktı ictimaiyyətdən gizlədilsə də, bundan xəbər tutan valideynlər övladlarının sağalması üçün təlaş içində yollar axtarırlar. Gorus ərazisində hər gün COVID-19 xəstəliyindən kiminsə ölməsi xəbəri də əsgər valideynlərinin daha çox narahatlığına səbəb olub.

Başqa bir xəbərdə deyilir ki, Ağdərə rayonu ərazisində gizlənən qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında da koronavirus infeksiyası geniş yayılıb. Bu səbəbdən də dəstələrin üzvləri silahı ataraq ailələrinin və öz canlarının hayına qalmağa çalışır. Görülən sərt tədbirlər belə qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında fərarilik hallarının qarşısını almağa kömək etmir.