BMT Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası bu ay Əfqanıstan, Yəmən, Suriya və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Meksikanın ümumdünya təşkilatındakı daimi nümayəndəsi, noyabrın 1-dən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Xuan Ramon de la Fuente Ramires mətbuat konfransında bildirib.

«Noyabrın 9-da qeyri-bərabərlik və münaqişə mövzusunda açıq debat olacaq. Sədrliyi Meksika prezidenti Andres Manuel Lopez Obrador edəcək. Korrupsiyaya, münaqişələr üzrə bərabərsizliyə təsiri vaxtında təhlil etmək planlaşdırılır. Biz bəyanatı təsdiqləyəcəyimizə ümid edirik”, — daimi nümayəndə bildirib.

Onun sözlərinə görə, noyabrın 16-da beynəlxalq sülh və təhlükəsizlik mövzusunda açıq debat keçiriləcək. «Müzakirələrin məqsədi BMT təsisatları ilə Təhlükəsizlik Şurası arasında əlaqələri gücləndirməkdir», — diplomat əlavə edib.

Noyabrın 22-də atıcı silahların dövriyyəsinin sülh və təhlükəsizliyə təsiri ilə bağlı tədbir keçiriləcək. Bundan əlavə, Bosniya və Herseqovina, Somali, Yəmən, İraq, Liviya, Suriya və ümumilikdə Yaxın Şərqlə bağlı görüşlər keçiriləcək. «Noyabrın 17-də Əfqanıstanla bağlı iclas keçiriləcək», — BMT Təhlükəsizlik Şurasının sədri bildirib.