AzTV Vahid Mustafayevin şirkətinin reklamından imtina edib

Azərbaycanın ilk dəqiq mexanizmlər fabriki olan VMF şirkəti ilə Dövlət Televiziyası (AzTV) arasında mübahisə yaranıb.

Modern.az xəbər verir ki, VMF şirkəti işğaldan azad edilmiş rayonların adları yazılmış saat kolleksiyasını AzTV-də reklam etdirmək istəsə də, bundan imtina olunub.

Şirkətdən verilən açıqlamada bildirilib ki, VMF fabriki Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun Ermənistan Silahlı Qüvvələri üzərində möhtəşəm qələbəsini əbədiləşdirmək üçün 2020-ci ildə “Qələbə vaxtı” kolleksiyasının istehsalına başlayıb və düşməndən azad olunan rayonlarımızın adlarını saatlara həkk edib.

“VMF fabriki bu saatları nümayiş etdirmək üçün videoçarx hazırlayaraq, AzTV-yə müraciət edib. Ancaq AzTV videoçarxı olduğu kimi yayımlamaqdan imtina edərək,  onu öz formatına uyğun bilməyib… Əvəzində videoçarxın Mədəniyyət və İdman kanallarında yayımlana biləcəyi bildirilib”.

Lakin VMF şirkəti bununla razılaşmayıb.

“AzTV-nin sədri Rövşən Məmmədov belə bir “irad” da tutub ki, “Qarabağ Azərbaycandır!” ifadəsini hərbçilərin səsi ilə vermək olmaz!”,-deyə VMF-in də daxil olduğu ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov bildirib.

O, bu məsələyə görə AzTV-nin sədri Rövşən Məmmədova  etiraz edib.

M.Məmmədovun sözlərinə görə, AzTV sədri tələb edib ki, VMF-in reklam çarxından azad edilən rayonların şərəfinə xüsusi olaraq buraxılmış “Qələbə kolleksiyası”ndakı saat görüntüləri çıxarılmaldır.

“Əsgərlərimizin canı, qanı bahasına aldığımız rayonların adlarını niyə və kimdən gizlətməliyik? Bunu düşmən tərəfi desəydi, təbii, anlaşılan olardı. Axı niyə bizim dövlət kanalı Azərbaycan malını reklam etməkdən boyun qaçırır? Özü də elə bir zamanda ki, televiziyalar maliyyə çatışmazlığından gileylənirlər…
…Düşmən üzərində möhtəşəm qələbə müasir Azərbycan tarixində yeni səhifə yazdı! Azərbaycan bu gün təkcə neft-qaz istehsal edən ölkə deyil, biz gəmi tikirik, kosmosu fəth edirik, magistral yol çəkirik və… əvvəllər yalnız İsveçrə, Yaponiya və s. ölkələrdən aldığımız dəqiq mexanizmləri indi özümüz istehsal edirik. Bunun nəyi pisdir?”,-ANS Şirkətlər Qrupu prezidentinin müşaviri əlavə edib:

Xatırladaq ki, VMF şirkətinin sahibi ANS Şirkətlər Qrupu prezidenti Vahid Mustafayevdir.