Xanlar Vəliyev naməlum şəhid məzarları ilə bağlı açıqlama verdi

“Naməlum şəhid məzarları adətən Birinci Qarabağ müharibəsi dövrü ilə əlaqədardır. Bununla bağlı iş aparılır, ekspertizalar təyin olunur. Ekspertizanın bir hissəsi Rusiyanın paytaxtı Moskvanın ekspertiza institutlarında həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

O vurğulayıb ki, ekspertizanın bir hissəsi başa çatıb, digərləri isə davam edir: “Çünki bu asan iş deyil. Burada çoxsaylı insanların gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir. Yəni, işin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var”.

Hərbi prokurorun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində bir sıra hallarda müəyyən qeydə almalar düzgün şəkildə icra olunmamışdı: “Bu səbəbdən İkinci Qarabağ müharibəsində şəhid olanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Hərbi Prokurorluq Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Naziriyi, Dövlət Sərhəd Xidməti, həmçinin Daxili Qoşunların əməkdaşlarının iştirakı ilə çox saylı işlər aparılıb”.

“3000-ə yaxın şəhidin şəxsiyyətini müəyyənləşdirmək, eskpertizalarını aparmaq lazım idi. Onların böyük əksəriyyətinin kim olduğu bilinmirdi. Bir qismi elə xəsarətlər almışdı ki, tanınmaz hala düşmüşdü. Bununla bağlı çox böyük işlər gedib. Çox az qisim şəhid qalıb ki, onların da şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam edir. Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə bu işə artıq Fövqəladə Hallar Nazirliyi də prosesə cəlb olunub. Bizim borcumuzdur ki, onların meyitlərinin harada olduğunu müəyyən edək və sonra da kimliklərini müəyyən edərək yaxınlarına təhvil verə bilək”, — X.Vəliyev əlavə edib.