Vidadi Muradov polis nəzarətinə verilib

Xəbər verdiyimiz kimi, “Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs qətimkan tədbiri məhkəmə tərəfindən dəyişdirilərək müalicəsi üçün şərait yaradılıb. Ədliyyə Nazirliyinin Penitesionar Xidmətinin yaydığı açıqlamada deyilirdi ki, V.Muradovun xəstəliyi nəzərə alınaraq onun barəsində bu cür humanist qərar çıxarılıb.

 

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin spiker-hakimi, həmin iş üzrə məhkəmə iclasında sədrlik edən Əfqan Hacıyev virtualaz.org-un məsələ ilə bağlı sorğusunu cavablandırıb. O bildirib ki, vəzifə cinayətlərinə görə, belə ki, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan “Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun onkoloji xəstə olduğu üçün müalicəyə ehtiyacı nəzərə alınaraq məhkəmənin hazırlıq iclasında barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilib.

 

“Qətimkan tədbirinin dəyişdirilməsi onu məsuliyyətdən azad etmir və işin mahiyyətinə heç bir təsir göstərmir. V.Muradovun cinayət işinə məhkəmə tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq”, — hakim bildirib.