İranı açıq şəkildə hədələdilər: “Danışıqlar nəticə verməsə…”

“İranla nüvə mövzusunda davam edən danışıqlarda vaxt azalır, diplomatiya uğursuz olacağı təqdirdə digər variantlar da müzakirə mövzusu olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İsrail və BƏƏ xarici işlər nazirləri Yair Lapid və Abdullah bin Zayed əl-Nəhyanla görüşündə deyib.

İranla bağlı sualları cavablandıran Blinken bu ölkənin nüvə silahı əldə etməməsi məsələsində həmfikir olduqlarını bildirib.

Diplomatik vasitələrin ən yaxşı həll yolu olduğuna inandıqlarını dilə söyləyən Blinken ölkəsinin aylarla nüvə anlaşmasına qayıtmağa hazır olduğunu, amma Tehranın bu məsələyə hazır olduğunu görmədiklərini vurğulayıb.

“Vaxt tükənir və burada müzakirə etdiyimiz kimi, müqaviləyə qayıtsaq belə, bunun əsas faydalarını görə bilməyəcəyimiz nöqtəyə yaxınlaşırıq. Çünki İranın məqsədi zənginləşdirdiyi uranın həcmini 20 faizdən 60 faizə çatdırmaqdır. Bunu da gələcəkdə nüvə proqramını inkişaf etdirmək üçün istifadə edir”.

O, meydan oxuyan İranın öhdəsindən gəlmək üçün bütün variantları nəzərdən keçirdiklərini açıqlayıb.

“Diplomatiya uğursuz olarsa, hərbi variantları nəzərdən keçirəcəksinizmi?” sualına dövlət katibi belə cavab verib:

“Bayaq dediyim kimi, vaxt getdikcə azalır. Eyni zamanda İranın reaksiyalarını və durumunu yaxından izləyirik. İran öz istiqamətini dəyişməsə, başqa variantlara müraciət etməyə hazırıq”.