Rövşən Əkbərov Elçin Əliyevin qətlindən danışdı:”Kişi kimi deyirəm ki, bu qətllə əlaqəm yoxdur”

20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ifadə verib.

 

“Qafqazinfo” xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hadisə vaxtı Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri elan edilib. İşçilər hadisə günü R.Əkbərovun səfirlikdə və restoranda olduğunu bildiriblə

 

Məlum olub ki, hadisə günü Elçin Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə “Cənab zabit” mahnısını sifariş edib. Daha sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova deyib ki, “mən səfirliyə gələndə siz samovar qaynadırdınız”. R.Əkbərov cavabında “mən sənin üçün çayçı deyiləm” deyib və aralarında mübahisə yaranıb. Daha sonra restoranın qarşısında qətl törədilib.

General ifadəsinin davamında bildirib ki, hadisə gününün səhəri Fikrət Qocanın oğlu, həmin vaxt səfirliyin əməkdaşı olan Yalçın Qocayev ona zəng edib: “Məni səfirliyə çağırdılar. Orada öyrəndim ki, Elçinlə Qüdrəti vurublar. Eşitdim ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır. Mənim akademiyada dərslərim var idi deyə getdim. Axşam səfirliyə qayıdanda mənə dedilər ki, Bakıda qəzetlərdə şəkillərin çıxıb, adın Elçinin qətlində hallanır. Eşitdim ki, Nazim İbrahimov aeroportda Elçin Əliyevin ailəsinə zəng edib və deyib ki, “oğlunuzu Rövşən Əkbərov öldürüb”. Məsələni aydınlaşdırmaq üçün İbrahimovun qaldığı “Dnepr” otelinə getdim. Orada Kiyevdə işləyən azərbaycanlılar və Elçinin dostları da var idi. Hamının yanında Nazimə dedim ki, niyə belə şayiə yaymısan? Dedi ki, “siz nə danışırsız, mən belə söz deməmişəm”. Söhbəti boynundan atdı, amma sonra öyrəndim ki, Nazim Elçinin dostu Qüdrətin yanında ailəsinə zəng edib. 2002-ci ildə Bakıda “Gülüstan” restoranında bir tədbirdə Nazim İbrahimovu görüb yenidən söhbəti açdım. Orada yanımızda deputatlar da var idi. İbrahimova dedim ki, “adam kişi olar, üzdə bir söz deyirsən, arxada başqa söz”. Nazim İbrahimov yenə başladı ki, “yox siz Milli Qəhrəmanımızsız, filansız”.

 

R.Əkbərov bildirib ki, o, heç vaxt hərbi formada restorana getməyib: “İttihamda guya restoranda işləyən ukraynalı şəxslər ifadə verib ki, hadisə vaxtı restoranda hərbi formada kimsə olub və sonra şəkil vasitəsi ilə həmin adamın mən olduğumu deyiblər. Amma mən həyatım boyu restorana hərbi formada getməmişəm. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Hadisə vaxtı Elçinin yanında olduğu deyilən Məzahir Şixəliyevi isə ümumiyyətlə tanımıram. Şıxəliyev orada mənimlə mübahisə edibsə, məni tanımalı idi. Niyə hadisədən 3 gün sonra şəkil istəyirdi ki, öldürənin kim olduğunu tanısın”.

 

Qeyd edək ki, iddiaya görə, hadisə vaxtı Rövşən Əkbərov və Elçin Əliyevin yanında Elçinin Məzahir adlı dostu da olub.

 

Rövşən Əkbərov öldürülən şəxsi Kiyevdə 2-3 dəfə gördüyünü deyib: “Elçin Əliyevlə heç vaxt bir masada əyləşməmişəm. Onunla nə çörək yemişəm, nə də ki münasibətim olub. Onu sakit, gülərüz adam kimi tanımışam. Bir dəfə səfirlikdə, bir dəfə restoranda başqa-başqa stollarda, bir dəfə də bazarda rastlaşmışıq. Bilirdim ki, nəsə bizneslə məşğuldur. Bildiyimə görə, Nazim İbrahimov da onun ortaqlarından idi və aralarında nəsə problem yaranmışdı. Elçin buna görə biznesini Türkmənistana aparmışdı. Mən Elçini niyə öldürüm axı? Onunla aramda heç bir problem olmayıb, ondan pislik görməmişəm. Onun problemi olan biznes ortaqlarını araşdırsınlar. Kişi kimi deyirəm ki, bu qətllə əlaqəm yoxdur”.

 

“Ümumiyyətlə, Bu 20 ildə bir nəfər mənə demədi ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə çəkilir. 20 il sonra nə oldu ki, bu iş ortaya çıxdı?” – deyə sabiq birlik komandiri qeyd edib.