Keçmiş “Mossad” direktoru: “İran nüvə bombası əldə etməkdən çox uzaqdır…”

İsrailin kəşfiyyat xidməti “Mossad”ın keçmiş direktoru Yosi Koen bəyan edib ki, İran nüvə bombası əldə etməkdən çox uzaqdır. “Mən hesab edirəm ki, İran bu gün ilk nüvə silahını əldə etməyə heç yaxın da deyil…Bu, dünyadakı bəzi qüvvələrin çoxdandır davam edən səyləri ilə əlaqəlidir”,-keçmiş direktor “The Jerusalem Post” qəzetinin təşkil etdiyi konfransda bildirib.

Yosi Koenin sözlərinə görə, İran indi nüvə razılaşmasının qüvvədə olduğu vaxtlardan daha çox təcrid edilib.

Bu günlərdə İran açıqlayıb ki, 20 faizə qədər zənginləşdirilmiş 120 kiloqram urana malikdir. Tehranın bunun nüvə yanacağı məqsədi ilə əldə edildiyini deyir, alimlər isə bildirir ki, İranın malik olduğu zənginləşdirilmiş uran nüvə silahı hazırlamaq üçün zəruri olan uranın həcminin 80 faizini təşkil edir.

İsrail prezidenti İshaq Hersoq isə həmin konfransdakı çıxışında deyib ki, İran Yaxın Şərqdə təcavüz siyasəti yürüdür. “Biz dünyanın uzlaşdırılmış şəkildə hərəkət etmək imkanında olmadığını, İranın Yaxın Şərqdəki caynaqlarını kəsmək üçün strategiya hazırlaya bilmədiyini, onun ballistik raketlərini və nüvə proqramını dayandırmaq üçün heç nə etmədiyini görürük. İran onun nüvə proqramına dair aydın koordinasiyası olmayan dünya ictimaiyyətinin fəaliyyətsizliyindən istifadə edir. Bu isə sülhə və təhlükəsizliyə aşkar təhdiddir”,-Hersoq bildirib.

 

virtualaz.org