Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycan MN-in məlumatını təkzib etdi…

“Oktyabrın 9 -da Mardakert bölgəsində, təmas xətti yaxınlığında kənd təsərrüfatı işləri apararkən  Madagiz kəndindən olan bir mülki şəxs Azərbaycan tərəfindən atəşə tutulması nəticəsində ölümcül yaralanıb. Rusiya kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə hadisəni araşdırır”.
Moderator.az xəbər verir ki, bu cümlələr Azərbaycan Respublikasının ermənilərin xeyli hissəsinin qanunsuz olaraq məskunlaşdığı ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı(?) hərbi kontingentinin 10 oktyabr Bakı vaxtilə saat 20:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatındandır.
Xatırladaq ki, oktyabrın 9-da Ermənistan mətbuatında  guya həmin gün gündüz saatlarında Qarabağda – Tərtər rayonunun Ağdərə şəhəri (“Mardakert”-erm.) ərazisində yerli sakinin həlak olması haqda informasiyalar yayılıb. İlkin olaraq Ermənistan tərəfi onun tarlada işləyən traktorçu olduğunu bildirib. Sonradan bu şəxsin bağda olduğu və snayper tərəfindən öldürüldüyü iddia edilib. Bəzi erməni saytları həmin şəxsin guya Rusiya hərbçilərinin gözü qarşısında vurulduğunu bildirib.
Elə həmin gün – oktyabrın 9-da  Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub ki, Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir.
Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycan MN-in rəsmi məlumatını yox, qəsbkar erməni tərəfinin yalanını təsdiqləyib.