Xalq artisti Vaqif Şərifov vəfat etdi

05 oktyabr 2021-ci il saat 04:15 radələrində Gəncə Dövlət Dram Teatrının görkəmli sənətkarlarından biri, rejissor,  Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif  Şərifov ömrünün 78-ci ilində vəfat etmişdir.

 

Bu barədə məlumatı LAF TV.az-a Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas Anar Burcəliyev bildirib.

Qeyd edək ki, Vaqif  Şərifov 12 avqust 1943-cü ildə Qazax mahalında anadan olmuşdur. O, 1960-cı ildən Gəncə Dövlət Dram Teatrda əmək fəaliyyətinə başlamış, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirmişdir. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə isə Gəncə Dövlət Dram Teatrda direktor və bədii rəhbər vəzifələrində çalışmışdır. Müxtəlif illərdə Nazim Hikmətin “Demoklsın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Altay Məmmədovun “Dəli Domrul”, Anarın “Şəhərin yay günləri”, Mirzə Fətəli Axundzadənin “Qanun dəllalı”, H.Mirəlimovun “Vicdanın hökmü”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan qızı” və s. pyeslərinə quruluşlar verməklə maraqlı rejissor tarktofkaları ilə realist rejissor məktəbinin yetirməsi olaraq səhnə məziyyətlərilə dolğun və rəngarəng özünün sənət məktəbini yarada bilmişdir. Bu müddət ərzində Vaqif Şərifov Azərbaycan teatrlarında 180-dən artıq pyeslərə səhnə həyatı bəxş etmişdir. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.

 

Görkəmli sənətkarın səhnə fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilmişdir. Belə ki, 4 mart 1992-ci ildə Respublikanın Əməkdar İncəsənət xadimi, 13 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına həmçinin 25 iyun 2013-cü ildə “Tərəqqi” medalı ilə və 7 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

 

Allah rəhmət eləsin…