MTRŞ-nın Aparat rəhbəri:”İnternet TV-lərə lisenziya verilməsi haqqında hər hansı addım nəzərdə tutulmayıb”

Bütün dünyada “Youtube” kanalları üzərindən yayım təqdim edən internet televiziyaların sayı gündən günə artır. Bu media resurslarının çoxalması onların qayda-qanunlara uyğunlaşdırılması, bir sıra məhdudliyyətlərin tətbiqi və ən yaxşı halda lisenziyalaşdırılması haqqında təklifləri də bərabərində gətirir. Artıq iddialara görə bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə internet televiziyaların lisenziyalaşdırılması üçün metodlar axtarılmağa başlayıb.

 

Bəs Azərbaycanda internet televiziyaların fəaliyyəti ilə bağlı durum necədir? Yeni hazırlanmış media haqqında qanun layihəsində internet televiziyalara lisenziya verilməsi haqqında maddə varmı?

 

 

Bu barədə Modern.az-ın sualını cavablandıran Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov internet televiziyalara lisenziya verilməsi haqqında hər hansı addım nəzərdə tutulmadığını söyləyib. MTRŞ rəsmisinin sözlərinə görə, internet televiziyalar yalnız kabel yayıma keçmək istədikləri təqdirdə lisenziya almaq üçün müraciət edə bilərlər:

 

“Media haqqında hazırlanmış yeni qanuna əsasən, internet televiziyalar kabel şəbəkələrində yayımlanmaq istəyirlərsə, Şuraya müraciət etməlidirlər. Bu zaman müəyyən tələblər qarşılığında lisenziya alacaqlar və yayımlana biləcəklər.

 

Lakin “Youtube” kanalları üzərindən yayım həyata keçirən internet televiziyaların fəaliyyəti ilə bağlı heç bir qayda-qanun, tələblər və qadağalar nəzərdə tutulmur. Bu platformaya məhdudiyyət tətbiq edilə bilməz”.