Erməni akademiki Melkonyan:”Sərhədlərin müəyyən edilməsi heç bir əsasla Ermənistana sərf etmir”

Sərhədlərin delimitasiya və demarkasiyası bu gün ancaq Azərbaycana sərf edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Tarix İnstitutunun direktoru, akademik Aşot Melkonyan açıqlama verib.

“Bu proses Ermənistana bir sıra ərazilərin, o cümlədən, strateji əhəmiyyət daşıyan avtomobil yollarının Azərbaycana verilməsi ilə nəticələnəcək. Sərhədlərin Azərbaycan və Ermənistan SSR inzibati sərhədləri əsasında müəyyən edilməsi heç bir əsasla Ermənistana sərf etmir”- deyə Melkonyan söyləyib.

 

Akademik Azərbaycan-Ermənistan sərhədlərinin 1922-ci ildə yaradılmış Zaqafqaziya Federativ Respublikasının qərarları ilə müəyyənləşdirildiyini əlavə edib. Onun fikrincə, 1920-1930-cu illərdə qəbul edilmiş həmin qərarlar Naxçıvan, Qazax və Goranboy rayonlarında anklav məsələsinin əsasını qoyub. O, Sədərək rayonunun Kərki və Qazaxın 7 kəndinin Azərbaycana qaytarılmasına qarşı çıxıb.

“Həmin anklavlar bizim Tavuş və Ararat vilayətlərindəki strateji yolların üzərində yerləşir. Və onların Azərbaycana verilməsi halında, Gürcüstana və İrana gedən yolları, həmçinin, Syunik və Qarabağla əlaqəsini itirə bilər”.

 

Aşot Melkonyan Azərbaycanla delimitasiya və demarkasiya prosesindən boyun qaçırmaq üçün Millətlər Liqasının 1919-1920-ci illərdə qəbul etdiyi qeyri-müəyyən qərarlara istinad etməyi təklif edib.

 

Xatırladaq ki, delimitasiya bağlanmış dövlətlərarası müqaviləyə uyğun təsvir edilməklə və xəritədə qeyd olunmaqla dövlət sərhədinin müəyyənləşdirilməsi prosesidir. Delimitasiya sənədləri dövlət sərhədlərinin demarkasiyası üçün əsas hesab olunur.