“Hər gün ona töhfə vermək lazımdır” – Merkel demokratiyanı müdafiə etməyə çağırdı…

Demokratiya hazırda lazımi səviyyədə deyil və hər gün ona töhfə vermək lazımdır. Moderator.az Almaniyanın “Das Erste” telekanalına istinadla xəbər verir ki, bunu Almaniyanın həmrəyliyi gününə həsr olunmuş çıxışında Angela Merkel deyib. Kansler onu da qeyd edib ki, ölkənin birləşməsi prosesi hələ tam başa çatmayıb.

 

Merkel 1989-90-cı illərdə keçirilən dinc etirazlar zamanı keçmiş ADR vətəndaşlarının bir çoxunun töhfəsini xatırladıb. Kansler vurğulayıb ki, hər şey belə rəvan gedə bilməzdi və bunu unutmaq olmaz. Bundan əlavə, Merkel ölkə vətəndaşlarını demokratiyanı müdafiə etməyə çağırıb.

 

O bildirib ki, hazırkı dövrdə, məsələn, mətbuat azadlığı kimi demokratik nailiyyətlərə daha çox hücumlar olur. Bundan əlavə, yalanlar, yanlış məlumatlar və ictimaiyyət arasında nifrət toxumu səpən materiallar yayılır. Merkelin sözlərinə görə, bu, bütövlükdə cəmiyyətin birliyini risk altına atır.

 

Bundesrat (Federal Şura) prezidenti Rayner Hazeloff da Almaniyanın yenidən birləşmə prosesinin tamamlanmadığını qeyd edib. “Əvvəllər olduğu kimi, Qərblə Şərq arasında böyük bir siyasi fərq var” deyən siyasətçi, bu fərqin özünü son parlament seçkiləri zamanı vətəndaşların seçimində göstərdiyini vurğulayıb.

 

Telekanal bildirir ki, pandemiya səbəbindən Almaniyanın həmrəyliyi gününün ölkədə geniş bayram kimi qeyd edilməsi ləğv olunub.