Rəsul Quliyevdən Hacı Qalibə məsləhət

“Hacı Qalib 27 dəfə Həccə getmişəm deyir. Hər getdiyində Qurandan bircə ayə öyrənsəydi, bilərdi ki, başqasının malını əlindən almaq haram buyrulub.”

Bu fikirləri Laf TV.az saytına açıqlamasında Mİlli Məclisin keçmiş spikeri Rəsul Quliyev bildirib.

Xatırladaq ki, Hacı Qalib Salahzadə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Rəsul Quliyevin səlahiyyətli nümayəndəsi Ağasif Şakiroğlunun əlində isə həmin ünvanlara dair dövlət qurumlarından verilmiş və qüvvədə olan torpağın ona məxsus olmasını təsdiq edən şəhadətnamə var. 72 sot torpaq sahəsi üzərində 2 villa və digər tikililər, çoxillik ağaclar mövcuddur. Hacı Qalib Salahzadə dövlət qurumlarından verilmiş sənədlərə əhəmiyyət vermir, Ağasif Şakiroğlu tərəfindən əmlak hüquqlarının pozulduğunu iddia edir. Pozulmuş hüquqlarının bərpa olunmasını, ərazidə şəxsi evlərinin olmasını iddia etməklə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və istifadəyə yaradılmış maneənin aradan qaldırılmasını istəyib.

Sabunçu Rayon Məhkəməsində isə ötən gün Hacı Qalib Salahzadənin Ağasif Şakiroğluna qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə hesab edib ki, iddiaçı Qalib Aslan oğlu Salahzadə, Xatirə Allahşükür qızı Salahzadə, Zenfira Hacıbala qızı Salahzadə və Kübra Mirəbdül Hüseyn qızı Camalova adından məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz.