Qoca Səmədov məhkəmə zalında həbs olundu -Sabiq icra başçısı 7 il 3 ay həbs gözləyir

Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

LAF TV.az-ın xəbərinə görə, sabiq icra başçısı bu gün Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Q.Səmədov məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, 2019-cu il dekabrın 19-da Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə, adı müxtəlif işlərdə rəsmiləşdirilən 133 Yevlax sakinin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaiti mənimsənilməkdə, habelə abadlıq adı altında yüz minlərlə manat büdcə vəsaitini “otkat” şəklində geri almaqda günahlandırılır.

DTX-nın həbslə bağlı yaydığı məlumata görə, sabiq icra başçısı 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəyib. Hətta şəhid ailələri və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında icra strukturlarından yığılan pulun da bir hissəsini ələ keçirib. Keçmiş icra başçısı üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir.

 

Bir müddət əvvəl isə  sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilmişdi və Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilmişdi