Cari il ərzində dövlət ittihamçılarının iştirakı ilə 960 qərardan protest verilmişdir

Dövlət ittihamçıları toplanmış sübutlar əsasında cinayət törətməkdə təqsirli bilinən şəxsləri ifşa etməklə dövlət tərəfindən həyata keçirilən qanunçuluq, ədalət və əmələ görə məsuliyyət prinsiplərinə əsaslanan cinayətkarlığa qarşı mübarizəyə dair siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər.

LAF TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev rəsmi mətbuata müsahibəsində bildirib.

Kamran Əliyev qeyd edib ki, cari il ərzində dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə 15 950 şəxs barəsində 13 762 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilmiş, ümumilikdə 960 qərardan protest verilmişdir:

“Qeyd etmək istərdim ki, istər Vətən müharibəsi zamanı, istərsə də sonrakı dövrdə ölkəmizə qarşı terrorçuluq və digər təxribat xarakterli hərəkətlərə yol vermiş diversant qrupun üzvlərinin təqsirləndirilmələrinə dair cinayət işləri üzrə dövlət ittihamının peşəkarcasına müdafiəsi aparılmaqla məhkəmə qarşısında ifşa olunmaları təmin olunmuşdur”.