Səyyad Əlizadə vəfat etdi

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə vəfat edib.

 

LAF TV xəbər verir ki, bu barədə sənətçinin ailə üzvləri məlumat yayıb.

Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə süni komaya salınmışdı. Süni tənəffüs aparatına qoşulan sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.

 

Qeyd edək ki Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başladı. 8-ci sinifdə oxuyarkən Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib olmuşdur.19 yaşında Azərbaycan Dövlət Televiziyasında “Xoş gördük, tələbə” verilişində çıxış etmişdir. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olub. İnstitutda “Arzu” Xalq Çalğı Alətləri Ansamblı ilə “Oxu tar”, “İstedadlar axtarırıq”, müsabiqələrinin, “SSRİ-Yunan gəncləri” Festivalının laureatı olmuşdur. Tələbəlik illərində İslam Rzayevin “Araz” ansamblında çalışmışdır. İnstitutu qurtaranda, 1981-ci ildə Kiyev şəhərinə Metrotikinti idarəsinə növbə rəisi göndərilmişdir. 1984-cü ildən 1994-cü ilə qədər burada işləmişdir. 1988-ci ildə M. A. Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olmuş və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirmişdir.1987-ci ildə ilk “Təbrizim” albomu buraxmışdır. 1990-cı ildə hadisələrindən təsirlənən müğənni “Azərbaycanım” adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı oldu. Sonra Cabbar Musayevlə albom üzərində işləyən Əlizadənin 1995-ci ilin mart ayında ilk “Gözlə, gələcəyəm” albomu Türkiyədə işıq üzü gördü. Və ilk kaset böyük dinləyici məhəbbəti qazandı. 1997-ci ilin iyun ayında müğənninin “Xallı qız” adlı növbəti albomu və diski satışa buraxıldı. 1999-cu ildə müğənni “Gözlərimin yaşı” adlı audio albom, “Xallı qız” adlı video albom və “Saçlarım bəyaz oldu” adlı disk buraxıb. Müğənninin 2000-ci ildə “Dünya gözəl dünyadır” və “Bizim uşaq dünyamız” adlı iki albomu, “Gözlərimin yaşı” adlı diski və “Sankt-Peterburq görüşləri” adlı video kaseti satışa buraxılıb. 2003-cü ildə “Su pərisi” adlı albomu, eyni adlı diski və “Gül ki, ürəyim gülsün” adlı video kaseti satışa buraxıldı. 2004-cü ildə müğənninin “Harda qaldın” albomu və diski, 2005-ci ildə müğənninin “Seçmələr” adlı audio kaseti və diski, 2006-cı ildə “Azəri qızları” adlı audio albomu və diski, 2008-ci ildə müğənninin “Sənin üçün oxuyuram” adlı audio kaseti və diski satışa buraxılıb. 11 oktyabr 2012-ci ildə müğənni, yeni “Bəyaz gecələrdən bəyaz xatirə” albomunun və həmin albomda yer alan, Bakı Metropoliteninin 45 illik yubileyinə həsr olunmuş “Bizim Metropoliten” mahnısına çəkilmiş klipin təqdimatını etmişdir.

 

Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa etmişdir. Hazırda “Bəyaz gecələr” Yaradıcılıq Mərkəzinə və “Bəyaz gecələr” MMC-yə rəhbərlik edir.