«QAÇQINKOM» ƏLAHƏZRƏT FAKT QARŞISINDA

İllər öncə «Sovetski» deyilən ərazidə əsasən fərdi evlərin və əksəriyyəti də yöndəmsiz daxmalardan ibarət olan tikililərin sökülməsi haqda, həmin ərazidə yaşayan sakinlərə əvvəlcədən bildirişlər verilmişdi.

İri miqyaslı layihəni həyata keçirmək üçün təşkil edilmiş komissiya xeyli sayda sakinlərin yaşadığı evlərin mülkiyyət sənədlərinin olmadığını, yaşadığı ünvanda uçotu qeyd edilməyən şəxsləri müəyyən etmiş oldular. Hökumət yaşayış sahəsi kiçik olan mənzillərin sahiblərini ədalət naminə nəzərə alıb, onlara özlərinə ev və ya mənzil ala bilmələri üçün təzminat ödəmişdir. İstər dövlət, istərsə də özəl şirkətlər tərəfindən, qanunla müəyyən edilmiş norma və qaydalara uyğun olaraq, yaşayış və ya qeyri-yaşayış obyektlərini sökməzdən öncə, sakinlərin əvvəlcədən razılığını almağın vacib olduğunu, həmçinin də onlara müqavilə əsasında veriləcək təzminatın real bazar qiymətlərinə uyğun şərtləri hökmən nəzərə almağı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də bir neçə dəfə çıxışlarında bildirmişdi.

Ancaq təəssüflər olsun ki, hələ də bəzi özəl şirkətlər yaşayış sahəsini sökməzdən əvvəl sakinlərin söküntü işlərinin aparılmasına razılığını almadan, eləcə də onları qane edə biləcək şərtlərlə sakinlərə təzminat ödəməsində vasitəçilik missiyasını üzərinə götürən bəzi qurumlar və onların təmsilçiləri cənab Prezidentin vurğuladığı fikirlərdən doğru-düzgün nəticə çıxarmadıqlarını görmüş oluruq.

Belə ki, Bakı şəhəri, Nərimanov r-nu, Əliəşrəf Əlizadə 19 ünvanında 1995-ci ildən məskunlaşan, hal-hazırda isə 4 ailə üzvündən biri Novruzov Seymur Dadaş oğlu onların yaşadığı binadan ailə üzvlərinin heç birinin razılığı olmadan Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Kömitəsindən və onun təmsilçi Etiqad (soyadını müəyyən edə bilmədik) adlı şəxsdən şikayət edir.

S.Novruzov Füzuli rayonu, Qaraxanbəyli kənd sakinidir. Novruzovlar ailəsinin bütün üzvləri məcburi köçkün kimi, Ə.Əlizadə küçəsi, 19 ünvanında qeydiyyatdadırlar.

S.Novruzov müraciətində 4 qardaşı ilə birgə uşaqlıq dövrünü, məktəb illərini, sonra isə orduya da həmin qeyd etdiyi ünvandan yola salınıblar. Qardaşları ailə həyatı qurduqdan sonra, yaxın və ətraf ərazidə kirayədə qalmaq məcburiyyətində olublar. Atası, yaşadığı Ə.Əlizadə 19-da, 2017-ci ildə vəfat edib. Bütün bunları söyləməkdə əsas məqsədim odur ki, darısqal, nəmişlik şəraitində anam astma xəstəliyinə tutuldu.

Bir neçə ay bundan öncə «Premium-5 ulduz» şirkətinin nümayəndəsi yaşadığımız ünvana gələrək, binanın söküləcəyini, eyni zamanda bizim ailə üzvlərinə təzminat verəcəklərini bildirmişdi.

Şirkətin yaşadığımız binanı sökməyindən məlumatı olan Qaçqınkomun Etiqad adlı nümayəndəsi ora gələrək bizi hədələyir ki, işığınız, qazınız, suyunuz kəsiləcək.

«Gəlib yaşadığınız binanı uçurdacaqlar» — deyərək, bizim ailə üzvlərimizə təkid edir. Əvəzində Ramana və Xocahəsən qəsəbəsinə köçürməyi təklif edirlər.

S.Novruzov köçkünlər üçün tikilmiş binanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin balansına keçdiyini, həmin binadakı mənzillərin şəhid ailə üzvləri və qazilərə verildiyini vurğulayır.

Özəl tikinti şirkəti «Premium-5 ulduz» ilk olaraq 4 ailəyə təzminat verəcəyi olduğu halda, Komitə və onun rəsmi təmsilçisi Etiqad adlı şəxs görəsən niyə belə canfəşanlıq «nümunəsi» göstərir? İllər uzunu dözülməz və çətin bir şəraitdə yaşamağımızla heç vaxt maraqlanmayan Komitənin rəsmi nümayəndəsinin bizi köçürmək üçün belə «can yandırması» bizi düşündürməyə vadar edir.

Komitənin məsul işçisi, Etiqad mənə deyir ki, sənin (oxu:Seymur) adına torpaq sahəsi var! Yəni, Seymurun ailəsinə mənzil verilə bilməz. Əvvəl onu qeyd edim ki, adıma heç bir yerdə torpaq sahəsi yoxdu. Bir anlıq fərz edək ki, adıma torpaq sahəsi var. Gedib torpağın üzərində yatacam?

Köçkün Seymurun söylədiklərindən açıq və aydın bəlli olur ki, özəl tikinti şirkəti Novruzovlardan ibarət 4 ayrı-ayrı ailə tərkibinə maddi təzminatın onlara verilməməsinin qarşısını, sözügedən qurumun rəsmisi, Etiqad cənabları vasitəçilik etməklə, yumşaq desək, sədd çəkir. Köçkün ailə üzvlərini hədələyir və israrla onların köçürülməsinə çalışır. Seymurun bildirdiyinə görə köçkünlərin yaşadığı bina sovet dönəmində Maliyyə nazirliyinin balansında olub.

S.Novruzov yuxarıda qeyd etdiyi bir neçə faktı, məlum həqiqəti özündə əks etdirir. Komitənin balansında olmuş, binaların ƏƏSMN-ə verilməsi, artıq ictimaiyyətə də məlumdur.

Şikayətçi, köçkün S.Novruz 25 ildi yaşadığı binanın söküləcəyi ilə bağlı bütün ailə üzvlərinə ayrı-ayrı qurum təmsilçilərinin onlara qarşı edilən təzyiqlərin, təqiblərin səbəbinin yolverilməz olduğunu qeyd edir.S.Novruzovun dediyinə görə, 3 həftə əvvəl Nərimanov rayonu icra nümayəndəsi ilə birlikdə başda polis kapitanı olmaqla 5 nəfər polis işçisi yaşadığımız binanın «gözəlliyinə» tamaşa etməyə gəlmişdilər.

Novruzovlar ailəsinin qarşılaşdığı problem ölkəmizdə, xüsusən də paytaxtımızda ictimai mənafeyə pis təsir edən mənzərə hər il təəssüf ki, təkrarlanır: belə qüsurlu ənənənin səbəbini, onun kökünü birdəfəlik kəsmək lazımdır.

Zənnimcə, yerinə düşər. Ədalət məhkəməsindən söz düşmüşkən: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit» — zərb məşəli hardan gəldi yadıma düşdü bilmədim. Belə ki, illər öncə köçkün Çıraqovlar ailəsinin Avropa İnsan Haqları məhkəməsinə etdiyi müraciətini qeyd etməyim, zənnimcə yerinə düşər.

Məhkəmə Çıraqovlar ailə üzvlərinin hər birinə erməni işğalı nəticəsində köçkünlərin pozulmuş(tapdanmış!) haqları barəsində qəbul etmiş olduqları məlum Qətnamədə diqqət çəkən bir fakt olduqca düşündürücüdür. Qətnamədə işğala məruz qalmış məktəblilər doğma kəndlərində məktəbə piyada getmələrini qeyd edir. Ancaq, məcburi köçkün düşdükdən sonra ölkə daxilində başqa şəhərdə isə ilboyu avtobus və ya digər minik vasitəsindən istifadə etmək məcburiyyətində qalmış olduğu bildirilir.

Köçkün məktəblilərin tədris müddətində hər  birinin, gün, ay, ilboyu  uzaq məsafədən asılı olaraq avtobusa ödəmiş olduqları pullar (yeniyetmə məktəblilərin  sayı nəzərə alınıb) ümumən köçkünlərə dəymiş maddi ziyanın miqdarı məlum Qətnamədə öz əksinin tapmışdır.

Məhkəmədən söz düşmüşkən. İddiaçı tərəf, yəni tikinti şirkəti Novruzovlar ailəsinə yaşadıqları binanın sökülməsi ilə bağlı hər hansı bir rəsmi sənədi qarşı tərəfə bu günədək təqdim ediblərmi? Hələ ki, tərəflərdən heç biri, yaranmış (yaradılmış) problemin ədalətli həllinin əvvəl-axır Məhkəmədə baxılmasını yəqin unudublar!

Ancaq Novruzovlar ailəsinə qarşı Dövlət Qaçqınkomun rəsmisi Etiqad cənablarının Seymurun dediyinə görə köçkün ailə üzvlərinə hədə-qorxu gəlməsini, eyni zamanda təxminən 3 həftə öncə 5 polis nəfəri biri isə kapitan rütbəsində  Nərimanov rayon İN-si də onlarla birgə bizə (oxu:Novruzovlara) yaşadığımız binanı tezliklə tərk etməyi israrla təkid edirdilər.

S.Novruzov rəsmi qurum təmsilçilərinin heç bir rəsmi sənəd təqdim etmədən və ya heç bir məhkəmə Qətnaməsi olmadığı halda həmin qurumun işçiləri barəsində Prokurorluğa eləcə də ərazi üzrə polis bölməsinə müraciət etmək hüququndan isifadə etməməsinin səbəbi bizim üçün də qaranlıqlı qalır.

Qurum rəsmisi, Etiqad cənablarının Əliəşrəf Əlizadə küçəsi 19 ünvanına bir daha zəhmət çəkib gəlməsinə ehtiyac görmürük. Çünki, Şəhid bacısı, məcburi köçkün L.İbrahimova Bakı şəhəri, Nizami rayonunda özgə şəxsin mənzilində (Məhkəmə Qətnaməsi əsasında) müvəqqəti məskunlaşdığı mənzilin darısqal olduğu ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edir. Müraciətində məcburi köçkünlər üçün tikilmiş binadan 4 otaqlı mənzillə müvəqqəti təmin olunması xahişini bildirir.

Komitənin aparat rəhbəri, E.Zeynalov 30.12.2020-ci il tarixli cavab məktubunun sonuncu abzasında, Şəhid(!?) bacısı, özgə mənzilndə(!?) məskunlaşan məcburi köçkünə belə cavab yazıb: «Məcburi köçkünlərin müvəqqəti yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlərə vətəndaşların öz doğma yurdlarına qaytarılması ilə bağlı dövlət tərəfindən qəbul olunacaq yeni qərarın tələblərinə uyğun olaraq baxılması nəzərdə tutulur.»  Komissiyanın sədri, E.Zeynalov.

Qeyd: (Məlum cavab məktubunun surəti ilə tanış ola bilərsiniz).

Göründüyü kimi, ölkənin Birinci vitse-prezidentinə, L.İbrahimova tərəfindən edilmiş müraciətə Komitədə baxılıb.

Aparat rəhbəri və Komissiyanın sədri, müraciət edən xanımın, məktub müəllifinin şəhid bacısı olduğunu və ərizəsində yazmış şəhid sözünü komissiyanın nəzərinnən yayınmış (!), Aparat Rəhbərinin isə diqqətindən kənarda qalıb.

İstər-istəməz sözügedən məsələni təhlil edərkən, mövzu ilə bağlı bir çox suallara cavab axtarmaq zərurəti yaranır.

Şəhid bacısının Komitə rəhbərliyinə etdiyi müraciətində mənzil şəraitinin yaxşılaşması ilə yanaşı özgənin mənzilini tutmuş olduğunu və orada məskunlaşdıqlarını  qeyd edir.

Ölkəmizdə, xüsusən də Bakıda 50-dən artıq  mənzil və ya evlərdə  işğal nəticəsində həmin mülklərdə köçkünlərin məskunlaşmasını bu günədək mülk sahibləri səbir və təmkinlə gözləyiblər. Həmin mülkün sahibləri köçkünlərin köçəcəyi  günü də şübhəsiz ki, sevinclə qarşılayacaqlar. Necə deyərlər, köçənlər də şad olacaq, mülkünə qayıdanlar da. Sevinc, sevincə qarışacaq.

L.İbrahimova kimi çox sayda köçkünlərimiz var ki, onlar da yurdlarına qayıdanadək köçkünlər üçün tikilmiş binada boş qalmış mənzillərə köçürülməsini və müvəqqəti olsa da belə Komitənin onlara kömək etməsini istəyirlər.

Necə olur ki, şəhid bacısı özgə mülkiyyətində məskunlaşan, mənzil şəraitinin yaxşılaşması ilə bağlı müraciət edən xanım L.İbrahimovaya Aparat Rəhbəri, Komissiya sədri, cənab E.Zeynalov həmin müraciətə «vətəndaşların (oxu:köçkünlər) öz doğma yurdlarına qaytarılması ilə bağlı dövlət tərəfindən qəbul olunacaq yeni  qərarın tələblərinə uyğun olaraq baxılması nəzərdə tutulur» cavabını qeyd edir.

Yəni, özgə mülkündə qalmış şəhid bacısı, 4 nəfər ailə üzvlərilə birgə  Aparat Rəhbəri, cənab E.Zeynalovun cavab məktubundan şəhid bacısı xanım L.İbrahimovanın, eləcə də onun ailə üzvlərinin məmnun olduqlarına inanmaq mümkün deyil.

Ancaq, özəl tikinti «Premium 5 ulduz» şirkəti Əliəşrəf Əlizadə küçəsi 19-da yerləşən binanı sökməyi planlaşdıran zaman vasitəçilik missiyasını olduqca çevik həyata keçirən Komitə həmin binada 15 köçkün ailəsini Ramana və Xocahəsən qəsəbələrinə köçürülməsinə nail olur.

Qurum rəsmisi, Etiqad adlı şəxs mümkün olduğu qədər göstərdiyi fəallığı, əsasən ondan ibarət olub ki, köçkün S. Novruzovun müraciətində bildirdiyi kimi Novruzovlar ailəsinə «Premium 5 ulduz» tərəfindən təzminatın verilməsinin bütün ailə üzvlərimizin razı olduğunu bilə-bilə bizim sövdələşməyimizə əsassız maneələr yaradır.

S.Novruzov hesab edir ki, Məhkəmə qərarı olmadığı halda və ya heç bir rəsmi sənədin onlara təqdim edilmədən, Komitə rəsmisin etdiyi təzyiqlər hüquqlarının pozulduğunu qeyd edir.

Sual olunur: Nə üçün köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına komitə müsbət cavab vermir?  Amma özəl şirkət Ə. Əlizadə 19-da bina sökmək xəbərini eşidən kimi 30 ailəni Ramanı və Xocahəsənə köçürülməsinə Komitə boş mənzilləri, görəsən haradan tapa bilib?  Köçkünlər üçün nəzərdə tutulmuş binada olan mənzillərin şəhid ailə üzvlərinə və qazilərimizə həmin mənzillərin açarlarını ƏƏSMN — in  əməkdaşları tərəfindən təqdim olunur.

Şərikli çörək b/filmində Vaqif itmiş hesab etdiyi «kartıçka» sın tapanda, həyətin sakini, yuxarı eyvandan «uşaqda fərasət bax, ey» dediyi epizod hardansa yadıma düşdü. Nə isə…

Rus yazıçısı Maksim Qorkinin «Əlahəzrət fakt qarşısında baş əyirəm» sözünü, (Aktual info.orq)a istinadən 11.09.2021-ci il tarixində  Poliqon informasiya agentliyinin  «»Qaçqınkom»un qaçqın malını talayan ortaqları kimlərdir?» adlı yazısını həmin agentliyin elektron səhifəsini izlədikdən sonra M.Qorkinin məşhur sözünü xatırlamağı ehtiyac bildim.Sözügedən yazıda köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunur.

Ötən aylarda, Komitənin Mənzil istismar Departamenti  tərəfindən bir neçə satınalma preseduru həyata keçirildiyi haqda yazan müəllif külli miqdarda ayrılan dövlət vəsaitinin fərdi yaşayış evlərin 1-nin təmirinə orta hesabla 20 min manat düşdüyünü yazır.

Ciddi faktları önə çəkən  müəllif, vəsait(lər)in təmirli evlərin yenidən təmir olunmasına yönəldiləcək  xərclərin silinməyəcəyinə, işarə edərək öz narahatçılığını bildirir.Yazıda diqqət çəkən məqam odur ki,  həmin mənzillərin təmirin aparan şirkətlərdən heç birinin maddi-texniki bazası yoxdu.

Ancaq Ə. Əlizadə küçəsi  bina 19-un söküntü işlərini planlaşdıran, çox mənzilli yaşayış binaları inşa edən «Premium 5 ulduz» şirkətinin maddi-texniki bazasının yoxluğundan deyil, varlı olmağına heç kimsənin şübhəsi ola bilməz.

Komitə dövlətin köçkünlərə ayırdığı külli miqdarda vəsaitə qənaət etmək imkanının yarandığı bir şəraitdə belə bir fürsəti niyə dəyərləndirmir?

Dövlətin ayırdığı vəsaitdən 1 fərdi yaşayış evinin təmirinə orta hesabla 20 min manat xərcləyən Komitə, Novruzovların 4 ailə təsərrüfatına orta hesabla, yəni minium 30 min manat təzminat ödəyəcəyi təqdirdə Dövlət büdcəsinə nə az nə çox 120 min manat qənaət etmiş olarsız.

Komitənin maraq və səyi ilə Ə. Əlizadə küçəsində məskunlaşan 15 köçkün ailəsiniə sözügedən şirkət tərəfindən orta hesabla 30 min manat təzminat verilmiş olsa idi, bu birmənalı olaraq dövlət büdcəsinə 450 min manat qənaət deməkdir. Bununla yanaşı Ramanı və Xocahəsənə köçürülmüş  15 köçkün ailəsinin yerinə, darısqal və dözülməz şəraitdə qalmış köçkünlərimuzi həmin boş mənzillərə onların yerləşdirilməsi, ədalətli olmazdımı?..

Görünən odur ki, Komitənin bu sahəyə məsul vəzifəli şəxs(lər)ə Şirkət tərəfindən Novruzovlar ailəsinə orta hesabla 120 min manatın verilməsi ilə dövlətin köçkünlərə ayırdığı vəsaitə, qənaət olunacağına maraqları yoxdu.

Qurum rəsmisi Etiqad adlı şəxsin Ə. Əlizadə bina 19-un qarşısında Novruzovlara qarşı göstərdiyi «canıyananlığın»ın mahiyyətində özünəməxsus başqa maraqlar hökm sürür. Artıq həmin maraqlar köçkünlərə bəllidir…

P.S. Hazırda Ə.Əlizadə 19-da 4 ailə — Novruzovlardan  başqa 2 ailə də həmin ünvanda yaşayır… Köçkünlərin problemini  ehtiva edən mövzu ilə bağlı digər yazını növbəti günlərdə izləyə bilərsiz.

                                                           HİKMƏT İSLAMOĞLU,

                                                           Azərbaycan Jurnalistlər Birliyinin üzvü