Arıçılar bahaçılıqdan narazıdır: xərclər artıb, alıcı azalıb

Koronavirus pandemiyası başlayandan bəri ilk dəfədir oktyabrın 20-dən noyabrın 7-dək Bakıda bal yarmarkası keçiriləcək. Azərbaycan Arıçılar Assosiasiyasının Nəzarət-Təftiş Komissiyasının sədri Şahin Cəfərli virtualaz.org-a məlumat verib ki, Assosiasiya və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarmarkaya rəsmi qeydiyyatdan keçmiş 250 arıçı qatılacaq. Arıçılara 400 kiloqramadək məhsul çıxarmalarına icazə veriləcək.

“Yarmarkaya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Ümumilikdə 100 ton bal satışa çıxarıla bilər. Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edə biləcəklər. Bal istehsalçıları iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər”,-Ş.Cəfərli deyib.

Onun sözlərinə görə, son 1 ildə arıçıların xərci artıb. Məsələn, son 1-2 il əvvələdək arıçılar taxtanın kubunu 270 manata alırdılarsa, mövsümdə 400 manata başa gəlib. Arı dərmanları 15 manatdan 30 manatadək bahalaşıb. Üstəlik, daşınma xərcləri də artıb. Bununla belə, pandemiya dövründə alıcılıq qabiliyyəti nəzərə alınaraq yarmarkaya çıxarılan məhsulların qiymətinin artırılması gözlənilmir. Bal pandemiyadan əvvəl neçəyə satılırdısa, budəfəki yarmarkada da o qiymətə təklif ediləcək.

“Pandemiyanın pik vaxtlarında bir çox iş yerləri bağlandı, əhalinin alıcılıq qabiliyyəti düşdü. Buna görə də arıçılar məhsullarını satmaqda çətinlik çəkdilər. Hazırda balın kiloqramı 20-30 manat arasındadır. Məsələn, 4 kiloqramlıq bal 110 manata təklif edilir. Yarmarka arıçılara imkan verəcək ki, məhsullarını sata bilsin. Biz təklif edirik ki, xaricdən ucuz və keyfiyyətsiz balların idxalına məhdudiyyətlər qoyulsun, yerli arıçılar məhsullarını sata bilsinlər, daxili bazar qorunsun”, – Assosiyasiya sədri əlavə edib.

Bu il yayda ölkə ərazisində müşahidə edilən quraqlıq arıçılar üçün çətinlik törədib. Bu səbəbdən xüsusilə Şəkidə arıların kütləvi məhv olması müşahidə edilib. Assosiasiya nümayəndəsi qeyd edib ki, hazırda Şəkidə arıçılarla görüşlər keçirilir: “Arı ölümləri çox oldu. Əvvəldə havanın hərarəti 42 dərəcəyə qədər yüksəldi, sonra da arı yeyən quşlar arıların məhsul toplamasına imkan vermədi. Bir tərəfdən də isti çiçəkləri də qurutdu. Elə arıçı var arılarının 10 faizi, eləsi də var ki 90 faizi məhv olub. Buna görə də gələn il məhsuldarlıq aşağı düşə bilər”.

Qeyd edək ki, prezident Ilham Əliyev “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncamını imzalayıb. Sərəncama əsasən, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilir, bununla yanaşı, dövlət büdcəsindən yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması məqsədilə seleksiya və damazlıq işlərinin yaxşılaşdırılması üçün də vəsait ayrılır.