Azər Paşa Nemətov: “İnanırıq ki,Qarabağı bizə qazandıran oğullarımızın adına layiq səhnə işini təqdim edə biləcəyik”

“Teatrların fəaliyyətə başlaması xəbərini hər birimiz böyük sevinclə qarşıladıq. Karantin rejimi bütün sahələrə olduğu kimi teatrlara da öz mənfi təsirini göstərdi. Bu, təkcə aktyorun, rejissorun, texniki heyətin, tamaşaçının səhnədən uzaq düşməsi demək deyil, eyni zamanda teatrın iqtisadi itkiləridir. Nə yaxşı ki, insanlar öz məsuliyyətini başa düşür, vaksin olunurlar. Bu da virusun yoluxma statistikasının aşağı düşməsinə öz müsbət təsirini göstərir. Yaxud vaksinin ölüm hallarının azalmasında çox böyük rolu var. Məhz dövlətin, ictimaiyyətin çağırışlarına əməl olunmasıdır ki, artıq sərt karantin rejimi yumşaldıldı. Biz teatrın qapılarını hər kəsin üzünə açıq elan edəcəyik. Şübhəsiz ki, dövlətin müəyyən etdiyi bütün karantin qaydalarını və təlimatları gözləmək şərti ilə. Bütün qaydalara ən yüksək səviyyədə əməl olunacaq”.

Bunu LAF TV.az saytına Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.

 

O, bildirib ki, karantinə görə bir çox işləri təxirə salmalı olduq. Bura beynəlxalq və yerli qastrol səfərləri, yeni premyeralar və s. daxildir: “Oktyabrın birindən etibarən cari repertuarda olan tamaşaların məşqlərinə başlanılacaq. Bu tamaşalar iki ilə yaxındır oynanılmır. Səhər və axşam olmaqla, intensiv məşqlərə ehtiyac var. Bu, ilkin mərhələdə bizim təxminən 15-20 günümüzü alacaq. İlk olaraq “Ölülər”, “Şah Qacar”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Ah, bu uzun sevda yolu”, “Almaz”, “Sinif yoldaşları”, “Bir, iki, bizimki” tamaşalarının məşqləri başlanacaq. Oktyabrın 15-dən etibarən tamaşaçı qarşısına çıxmağı planlaşdırırıq. Teatrın yaradıcı və texniki işləri qaydasına düşənədək, yəni noyabrın əvvəlinə qədər tamaşalar şənbə bazar günləri təqdim olunacaq. Noyabr ayından etibarən isə ənənəvi repertuar və qrafik üzrə işimizi davam edəcəyik. Karantin rejimi elan olunanda “Filumena Marturano” adlı tamaşamızın son məşqləri idi və premyeraya hazırlaşırdıq. Təəssüf ki, təxirə salmalı olduq. İlk işlərimizdən biri də həmin tamaşanın premyerasını keçirmək olacaq. Əlbəttə, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərlə bağlı tamaşa hazırlamaq planımız var. Bununla bağlı müəyyən addımlar atılıb. İnanırıq ki, Qarabağı bizə qazandıran oğullarımızın adına layiq səhnə işini təqdim edə biləcəyik.

Ümumiyyətlə, planlarımız böyükdür. Dünya və Azərbaycan dramaturgiyasından çox maraqlı əsərlər müəyyənləşdirmişik. Onları da teatrsevərlərə böyük məmnuniyyətlə təqdim edəcəyik”.