Qarabağ müharibəsi vaxtı Ermənistana ən böyük yardım İrandan gəlirdi – Ermənilər təşvişdə

Ermənistana məxsus Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir. Azərbaycan tərəfi sentyabrın 12-dən həmin ərazidə postlar quraraq, İrandan Ermənistana gedən yük maşınlarını yoxlamağa başlayıb.
Sovet dövrünün xəritələrinə görə, sözügedən ərazi – Gorus-Qafan yolunun 21 kilometrlik hissəi Azərbaycanın Zəngilan və Qubadlı rayonlarına aiddir.
Erməni ekspertlər həyəcanla bildiriblər ki, Gorus-Qafan yolununun Azərbaycanın nəzarətində olan hissəsində yaranmış vəziyyət Ermənistan üçün çox ciddi logistik problemlər yaradır.
“Azadlıq” radiosunun erməni xidmətinin xatırladır ki, Qarabağ müharibəsi vaxtı Ermənistana ən böyük yardım İrandan gəlirdi.
Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Armen Manvelyan bildirib ki, Birinci Qarabağ Müharibəsindən sonra Gorus-Qafan yolu Ermənistanın ən mühüm yollarından birinə çevrilmişdi. Çünki müharbə vaxtı Ermənistana ən böyük kömək məhz İrandan gəlirdi.
Manvelyan vurğulayıb ki, İranla əlaqə Ermənistan üçün enerji təhlükəsizliyi baxımından mühümdür.
Ekspert qeyd edib ki, Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Onun sözlərinə görə, bir vaxtlar bura dəmir yolunun çəkilməsindən danışırdılar, amma indi bütün bunlar təhlükə altındadır:
“Hər il İran-Ermənistan sərhədini 25 min avtomobil keçir. Bu bizə həm də maliyyə baxımından əlverişlidir, çünki onlar bizə kifayət qədər böyük pullar ödəyirlər. Bu, böyük məbləğdə gəlir gətirir. İndi biz bütün bunlarla, böyük pullarla, bu vasitələrlə əlaqəmizi itirimişik”.
Radionun erməni xidmətinin məlumatına görə, Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır.
İqtisadçı Suren Parsayanın sözlərinə görə Ermənistanın qonşu ölkə ilə ticarət mübadiləsi ilə 400 milyon dollar təşkil edir:
“Bu dövriyyənin 18 faizini əslində yollarla bağlı olmayan təbii qaz təşkil edir. Amma qalan malların dövriyyəsi avtomobil yollarından birbaşa asılıdır. Və əgər bu yol fasiləsiz olaraq işləməsə, malların 80 faizi Ermənistana ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq”.
İqtisadçı qeyd edir ki, İrandan Ermənistana habelə Asiyadan gələn mallar daşınır. Parsayanın sözlərinə görə, məhz bu səbəbdən yeni yolun çəkilməsinin alternativi yoxdur.
“Məsələn, Sisian-Aqarak yolunun tikilməsi yeganə və uzunmüddətli alternativ ola bilər. Bu yol Sünikin içərilərindən keçər və şübhəli, həm də təhlükəli situasiyalardan uzaq olardı”.
(Axar.az)