Vüqar Səfərli Mehdiyevin trol ordusunu ifşa etdi

“Saat 9-da işə gəlirdik, saxta profillə şərhlər yazırdıq” – Mehdiyevin trol ordusunun üzvü 20 milyon manatdan artıq dövlət vəsaitinin yeyintisi, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılmasında suçlanan Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində bir sıra yüksəkvəzifəli şəxslərin adlarını çəkib.

LAF TV xəbər verir ki, AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Səfərlinin ifadəsində bəhs olunan bloqerlər müxtəlif saytların əməkdaşları olub. Onların işi, əsasən, sosial şəbəkələrdə hökumətin, ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinin tənqid olunduğu paylaşımlara rəy yazmaqdan ibarət olub. Onlar səhər saat 9-da işə gəlir, axşam saat 18.00-a qədər fəaliyyət göstərirdilər.

“Xüsusən Facebook-a daha çox diqqət yetirirdik. Hər birimiz çoxlu sayda saxta profillər yaratmışdıq və onların vasitəsilə şərhlər yazırdıq. Şərhlər də öncədən razılaşdırılmış olurdu. Əksər hallarda səhərlər bizə yazılı şəkildə göndərilirdi. Ona görə də çox vaxt tamamilə eyni olan cümlələr müxtəlif profillərin adından rəylərdə yazılırdı”, – orada fəaliyyət göstərmiş şəxslərdən biri belə deyir.

Onun sözlərinə görə, hamı bu işlə məşğul deyildi. Bəziləri də tapşırılan konkret mövzu üzrə material hazırlayırdı: “Prezident Administrasiyası müəyyənləşdirirdi ki, bu günün mövzusu nədir. Səhər tapşırıq verilirdi, bir neçə nəfər də o mövzuda material hazırlayırdı. Həmin material müxtəlif hökumətyönlü saytlarda, telekanallarda yayılırdı”.