Qırğızıstan Prezidenti Sadır Japarov Polad Bülbüloğluya “Dostluq” ordenini təqdim edib

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏŞ) İdarə heyətinin həmsədri Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri, DHƏŞ-ın sədri Polad Bülbüloğlu və DHƏŞ-in icraçı direktoru Anatoli İksanovla görüşüb.

AZƏRTAC xəbər verir ki, Sadır Japarov fondun Qırğızıstandakı fəaliyyətini yüksək qiymətləndirib, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında mədəni sahədə əlaqələrin möhkəmlənməsində DHƏŞ-in böyük rolu olduğunu bildirib.

Dövlət başçısı deyib ki, fond hər il Qırğızıstanda mədəni sahədə keçirilən 5-6 layihəni maliyyələşdirir. Gələn il keçiriləcək “Karakol – MDB-nin mədəniyyət paytaxtı” layihəsi də fond tərəfindən maliyyələşdiriləcək.

Prezident Sadır Japarov bildirib ki, ölkələr arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə Mixail Şvıdkoy “Danaker”, Polad Bülbüloğlu “Dostluq” ordenlərinə layiq görülüblər, Anatoli İksanov isə Qırğızıstan Respublikasının Fəxri Fərmanı ilə təltif edilib.

Ordenləri və Fəxri Fərmanı təqdim edən Qırğızıstan Prezidenti, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.