Kəlbəcər ərazisində 1 nəfər minaya düşdü

Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.

 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu Daşkəsəndən Kəlbəcər ərazisinə keçən atını gətirmək istəyən zaman minaya düşüb.

 

O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib.

 

Məlumat üçün bildirək ki, Ş.Tağıyev Kəlbəcərə yaxın yerdə, Daşkəsən ərazisində təsərrüfat yeri var. Təsərrüfat yerində olarkən onun atı vaxtilə Ermənistan Silahlı Qüvvələri tərəfindən minalanmış Kəlbəcər ərazisinə keçib. Atını gətirmək istəyərkən həmin minalardan birinə düşüb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.