Nikol Paşinyan Qafan-Gorus yolunun bağlanmasından danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan hərbçilərinin Qafan-Gorus yolunu bağlamasından danışıb.

LAF TV Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

 

Paşinyan bu barədə ölkə parlamentində çıxış edərkən bildirib ki, avqustun 25-i axşamdan Azərbaycan hərbçiləri yolun “SSRİ xəritələrinə əsasən Sovet Ermənistanının ərazisi olmayan” ərazidən keçən 21 km-lik hissəsini hərəkət üçün bağlayıblar: “Onlar bunu Azərbaycan sərhədçisinin ermənilər tərəfindən yaralanması ilə əsaslandırırlar. Biz rəsmi olaraq bəyan edirik ki, bu məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfini faktları təhqiqat aparmaq üçün bizə təqdim etməyə çağırıram”.

Paşinyan həmçinin bildirib ki, Ermənistan məsələni kökündən həll etmək niyyətindədir. Belə ki, onun sözlərinə görə, Qafan-Ağvani yolunun modernləşdirilməsi işləri sürətlə icra olunur: “Sünik vilayəti Ermənistandan ayrılmayıb. Biz belə vəziyyəti əvvəlcədən görürdük və ona görə də yol işlərini sürətlə həyata keçirməyə qərar vermişik”.

Qeyd edək ki, dünən Azərbaycan tərəfi Ruslan Şirəliyev adlı sərhədçimizin Qubadlı rayonunda iki erməni hərbçinin hücumuna məruz qalaraq, sinəsindən süngü yarası almasına dair məlumat yayıb. Ermənistan tərəfinin bu vəhşiliyinə cavab olaraq Azərbaycan sərhədçiləri Qafandan Gorusa gedən, 21 km-lik hissəsi Azərbaycan ərazisindən keçən yolda hərəkəti dayandırıblar.