Paşinyan: “Bu, Ermənistanın təhlükəsizliyinin əsas amillərindən biridir”

Baş nazir Nikol Paşinyan Rusiya ilə strateji əməkdaşlığın dərinləşməsini Ermənistan üçün prioritet hesab edir.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə o, parlamentin bugünkü iclasında yeni hökumətin beş illik proqramını təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, Rusiya ilə strateji əməkdaşlıq Ermənistanın təhlükəsizliyinin əsas faktorlarından biridir.

“Ölkəmizin təhlükəsizliyinin arxitekturasının əsas faktorlarından biri olan Rusiya Federasiyası ilə strateji ittifaqı xüsusi qeyd etmək istəyirəm. Ermənistanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə, Ermənistan və Rusiya Silahlı qüvvələrinin birgə qruplaşması haqqında Müqavilə Rusiyanın ölkəmizdəki 102-ci bazasının imkanlarını artırır”, – deyə o qeyd edib.

N. Paşinyan yeni proqramda Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə də toxunub.

“Sputnik Armenia” agentliyi xəbər verir ki, N. Paşinyan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə maksimum tez başlanmasının vacibliyini bildirib:

“Təəssüf edirəm ki, siyasi qalmaqal səbəbindən bu ilin yazında nəzərdə tutulan nəticəyə nail olmaq mümkün olmadı. Sərhədin bəzi hissələrində qeyri-stabil vəziyyət bu prosesin başlanması üçün ciddi təhlükədir”.

O, SSRİ-nin xəritələri əsasında Azərbaycan və Ermənistandan ordusunun güzgü effekti ilə qarşılıqlı geri çəkilməli olduğunu deyib.

Regionda kommunikasiyaların açılmasının ölkəsinin çoxillik blokadadan çıxması ilə nəticələnəcəyini qeyd edən Baş nazir bu mənada üçtərəfli işçi qrupun işinin aktivləşdirilməsinin və regionda kommunikasiyaların açılmasına dair konkret nəticələrə nail olmağın zəruriliyini vurğulayıb: “Hökumət Ermənistanın blokadan çıxmasında bu komissiyanın ciddi imkanlara malik olduğunu düşünür”.