Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulu üçün vakansiya seçimi başlayır

Bu gündən müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçiminə başlanılır.

APA-nın məlumatına görə, vakansiya seçimi saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək.

Namizədlər 26 avqust saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq.
Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.