VARLI “TALİBAN” VƏ KASIB ƏFQANISTAN… – Taliblər 40 milyon əfqanı necə dolandıracaq?

Əfqanıstanda baş verən hakimiyyət dəyişikliyi dünyanın əsas gündəm mövzusu olaraq qalmaqdadır. Bu başıbəlalı ölkənin dövlətçilik, təhlükəsizlik, terrorizm və digər istiqamətlərdəki problemləri azmış kimi, bir yandan da sosial-iqtisadi durumu kəskin böhran həddinə yaxınlaşıb.

Ölkənin bu ağır iqtisadi vəziyyəti fonunda hakimiyyətə yiyələnən “Taliban” hərəkatının maliyyə-iqtisadi imkanları və gəlir mənbələri dünya mətbuatının və beynəlxalq qurumların aktual müzakirə mövzusuna çevrilib.

“AzPolitika.info” xəbər verir ki, “Financial Times” nəşri taliblərin gəlir mənbələri və maliyyə imkanlarıyla bağlı məqalədə “Taliban”ın gəlirlərinin yalnız narkoticarətdən ibarət olduğuna dair qənaətin yanlış olduğunu bildirir. Qəzetin yazdığına görə, son 20 ildə taliblər təkcə narkotik ticarəti ilə məşğul olmayıblar.

Təşkilatın gəlirlərində “Taliban”ın yaratdığı “kölgə administrasiya”sının fəaliyyətinin də xüsusi rolu olub. Belə ki, yaradılan bu idarəçilik sistemi hələ hakimiyyətə gəlməzdən öncə demək olar ölkənin 60 faizdən çox ərazisində müxtəlif növ vergilər toplamaqla məşğul olub. Qəzetin yazdığı kimi, taliblər gəlirin əhəmiyyətli hissəsini opium, heroin və metamfetamin satışından əldə edirlər. Lakin daha böyük qazanc yanacaq və siqaret satışına qoyulan qeyri-qanuni vergilərdən əldə olunur.

Bununla yanaşı, taliblərin “administrasiyası” təbii sərvətlərin çıxarılması ilə də məşğuldur. Müxtəlif beynəlxalq qurumların hesabatlarında taliblərin faydalı qazıntıların satışından illik 450-500 milyon dollar qazandıqları göstərilir.

Artıq demək olar ki, hakimiyyətə tam yiyələnən “Taliban”ın ölkədəki faydalı qazıntıların çıxarılması və işlənilməsi üçün xarici ölkələrləəməkdaşlığa gedəcəyi gözlənilir. Bu ölkələrin arasında Çin əsas namizəd sayılır. Onu da qeyd edək ki, uzun illər maliyyə və silah sarıdan heç dəəziyyət çəkməyən “Taliban”ın müxtəlif qanadlarının maliyyələşməsində Pakistan, SəudiyyəƏrəbistanı, Qətər və hətta İranla yanaşı, Çinin dəəhəmiyyətli rolunun olduğu bildirilir. Sadalanan ölkələrlə müqayisədə Çinin daha nəhəng imkanlara və texnologiyalara malik olduğunu nəzərə alsaq, “Taliban”ın Əfqanıstanın təbii sərvətlərinin işlənməsi məsələsində məhz Pekinləəməkdaşlığa gedəcəyi barədə deyilənlər real görünür.

Hələ 2018-ci ildə “BBC”-nin yayımladığı hesabatda “Taliban”-ın təkcə narkoticarətdən ildə 1.5-3 milyard dollar aralığında gəlir götürdüyü bildirilirdi. Bunun üzərinə təşkilatın yanacaq və siqaret satışı da daxil olmaqla, tətbiq etdiyi müxtəlif növ vergiləri, eləcə də təbii sərvətlərin satışından əldə olunan gəlirləri əlavə etdikdə, təqribən illik 5-6 milyard dollarlıq vəsait alınır. Təbii ki, bu məbləğ bir çox dünya ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan “Taliban”ın özü üçün böyük rəqəmdir. Yəni “Taliban”ı təşkilat olaraq varlı hesab etmək olar. Lakin artıq söhbət hansısa ayrıca götürülmüş qruplaşmanın yox, 40 miyon əhalisi olan dövlətin idarəçiliyindən gedir. Bunun üçünsə təbii ki, 5-6 milyard dollar kifayət etmir. İndi varlı “Taliban” kasıb Əfqanıstanın bütün məsuliyyətini öz üzərinə götürərək, onu bataqlıqdan çıxarmalı, əhalinin normal, stabil yaşayışını təmin etməlidir. Edə biləcəkmi, bu gücə, potensiala, düşüncəyə malikdirmi?…

Təsadüfi deyil ki, Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” dövlət işçilərinəəməkhaqqının ödənilməsi və ümumilikdə, dövlət qurumlarının fəaliyyətinin bərpa edilməsi problemi ilə üzləşib. Ölkənin milli valyutası olan əfqani tarixində rekord dərəcədə ucuzlaşıb. Bir dolların 86 əfqaniyə dəyişdirildiyi xəbər verilir.

“Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid isə daha əvvəl bildirib ki, təşkilat narkotik qaçaqmalçılığından əl çəkmək və ölkənin “iqtisadiyyatını canlandırmaq” niyyətindədir. Bununla yanaşı, Zabihullah Əfqanıstanın narkotik əvəzinə “başqa məhsullara” sahib olması üçün beynəlxalq birliyin onlara kömək etməli olduğunu söyləyib.

Görünən odur ki, xaricdən yardım olmadan Əfqanıstanın normal həyata dönüşü və sosial-iqtisadi stabilliyin təmin edilməsi mümkün olmayacaq. Ancaq bu yardımların indiyə qədər ABŞ-ın Qani hökumətinə və ondan əvvəlki hakimiyyətlərə göstərdiyi nəhəng maliyyə dəstəyi səviyyəsində olacağı da inandırıcı görünmür. Çünki ABŞ-ın boşaltdığı yeri doldurmaq fikrində olan dövlətlərin Vaşinqton qədər “əlaçıq” olacağı ehtimalı azdır.

Bundan sonra da Əfqanıstana qədəm qoyacaq hər bir ölkə elə ABŞ-ın özü kimi, birinci növbədə öz maraqlarından çıxış edəcək, öz gəlirləri barədə düşünəcək, əfqan xalqını isə həmişəki kimi heç kim düşünməyəcək. Bütün bunları nəzərə aldıqda, Əfqanıstanı hətta təyyarələrin təkərlərində, qanadlarında belə tərk etməyə hazır olan əfqanları anlamaq elə də çətin deyil…

“AzPolitika.info”