Mövlud Çavuşoğlu:”Əfqanıstanda vətəndaşlarımızın təxliyəsi işlərinə iki gün ara verilib”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı vəziyyətə münasibət bildirib.

 

“Report” xəbər verir ki, nazir bu barədə “Hürriyet” qəzetinə müsahibəsində danışıb.

Kabildəki Həmid Karzay Beynəlxalq Hava Limanında baş verənlərə toxunan M.Çavuşoğlu olanları xaos adlandırıb: “Biz Kabil aeroportunda hərbi qanaddayıq. Mülki qanadda isə tam bir xaos var. Hazırda vətəndaşlarımızın təxliyəsi işlərinə iki gün ara verilib. Təhlükəsizlik məsələləri həll olunandan sonra işlərə davam edəcəyik”.

 

Əfqanıstandakı qüvvələrin dinc yolla razılaşmaya gələcəyinə ümidini ifadə edən nazir bunun üçün komissiya yaradıldığını bildirib: “Əfqanıstanda “Taliban”la müzakirələr aparmaq üçün aralarında Həmid Karzay, Abdullah Abdullah və Hikmətyarın da olduğu komissiya qurulub. Bunlar əvvəllər də qruplaşma ilə müzakirələrdə iştirak etmiş insanlardır.”

 

Mövlud Çavuşoğlu həmçinin ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasına da münasibət bildirib.

 

“ABŞ-ın ani qərarla plansız şəkildə arxasında xaos buraxaraq Əfqanıstandan çıxması doğru deyil”, – XİN başçısı vurğulayıb.