Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib

Azərbaycan Müdafiə Nazirliyi avqustun 17-si saat 20:40-da yanğın baş verən əraziyə alovu söndürmək məqsədilə gələn yanğınsöndürmə maşınına Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib.

Nazirlikdən LAF TV-yə bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18.00 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub.

 

“Yanğının genişlənməməsi və vaxtında söndürülməsi məqsədilə Rusiya sülhməramlılarına dərhal məlumat verilib. Bildiririk ki, bu istiqamətdə, xüsusilə də yanğınsöndürən maşına bölmələrimiz tərəfindən guya atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat yalandır və belə bir fakt Rusiya sülhməramlıları tərəfindən də qeydə alınmayıb”, – nazirlik vurğulayıb.