Ararat Mirzoyan Ermənistan XIN-in rəhbəri olacaq?

Ermənistan Milli Məclisinin keçmiş sədri Ararat Mirzoyan xarici işlər naziri təyin oluna bilər. Bu barədə “Sputnik Ermənistan” məlumatlı mənbəyə istinadən yazır.

 

“Çox güman ki, Mirzoyan bu vəzifəyə təyin olunacaq”, – mənbə bildirib.

 

Eyni zamanda Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan xatırladıb ki, XİN rəhbəri baş nazirin təklifi ilə prezident tərəfindən təyin edilir. “Nazir təyin edilən kimi, cəmiyyətə məlumat veriləcək”, – o qeyd edib.

 

Ermənistanda xarici işlər naziri vəzifəsi hal-hazırda rəsmi olaraq vakant qalır. May ayında nazir vəzifəsini icra edən Ara Ayvazyan istefa verdi. İyulun 14 -dən etibarən xarici işlər nazirinin birinci müavini təyin olunan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan nazir vəzifələrini yerinə yetirməyə başlayıb.