Fətəli xan Xoyskinin ermənilər tərəfindən qətlə yetirilməsindən 101 il ötür

Bu gün 19 iyun Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri Fətəli xan Xoyskinin ermənilər tərəfindən qətlə yetirilməsindən 101 il ötür.

LAF TV xəbər verir ki, 1920-ci il aprelin 27-də Cümhuriyyətin bolşevik Rusiyası tərəfindən işğalından sonra Tiflisə yerləşən Fətəli xan Xoyski həmin il iyunun 19-də erməni terrorçuları Aram Erkanyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.

Terrorçuların arxadan açdıqları atəş nəticəsində dünyasını dəyişən xan Xoyski Tiflis Botanika bağı ərazisindəki köhnə müsəlman qəbiristanlığında dəfn olunub. Keçmiş baş nazirin dəfnini Tiflisdəki Qacar konsulluğu təşkil edib.

Fətəli xan Xoyskidən başqa həmçini AXC parlamentinin sədr müavini Həsən bəy Ağayev, AXC daxili işlər naziri Behbud xan Cavanşir, o cümlədən Osmanlı İmperiyasının baş nazirləri Tələt Paşa və Səid Hilmi Paşa, həmçinin Camal Paşa, Osmanlı xüsusi xidmətinin rəisi olmuş Bahəddin Şakir də “Nemezis” erməni terrorunun qurbanı olub.

Məlumat üçün bildirək ki, Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olub.

Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı.

1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdi. O, 22 dekabr 1806-cı il tarixdə[3] Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülüb.

Cəfərqulu xan 3 sentyabr 1814-cü il tarixdə[4] vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır.

1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak edib.

F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi – mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak edib və həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiə edib. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olub.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu.

1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək detyib: “Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.” (Azərbaycan qəzeti, 19. IX. 1918. № 2)

Professor V. İ. Razumoskinin 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı məqaləsində məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu.

1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxdı.

Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər naziri vəzifəsinə icra edib. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri olub.

Martın axırında Çiçerin sonuncu notasını göndərib, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri alınıb. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə gedib.